Ağsuda sənaye məhsullarının istehsalında 2,3 dəfə artıma nail olunub
Ağsu, 11 sentyabr, AZƏRTAC
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlar üçün yaradılan əlverişli şərait və onlara göstərilən dövlət qayğısı kənd təsərrüfatı rayonu olan Ağsuda da sənaye sahələrinin inkişafına güclü təkan verib. Təsadüfi deyil ki, son illər bölgədə sənaye məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artır. Koronavirus pandemiyası təhlükəsinin dünyanı cənginə aldığı, bununla əlaqədar respublikamızda tətbiq olunan karantin rejimi şəraitində cari ilin səkkiz ayında da sənaye məhsullarının buraxılışında xeyli artım olub.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2020-ci ilin səkkiz ayında 30,4 milyon manatlıq sənaye məhsulları istehsal edilib və xidmətlər göstərilib. Artım keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox olub.
Qeyd edək ki, rayonda fəaliyyət göstərən “Az Qranata” MMC-nin Ağsu şirə və şərab emalı zavodunun məhsulları Avropa və Asiya ölkələrinə də ixrac edilir. Zavod, eləcə də “Qrads-40”, “Alprint” MMC-lər və digər sənaye müəssisələri öz fəaliyyətlərini genişləndirməkdədir.