Ağsuda yaşayış yerlərini tərk edən COVID-19 xəstələri məsuliyyətə cəlb olunublar
Bakı, 8 dekabr, AZƏRTAC
Ağsu Rayon Polis Şöbəsi əməkdaşları koronavirus infeksiyasına yoluxmuş rayon sakinlərinin yaşadıqları ünvanları tərk etdiklərini müəyyənləşdiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon sakinləri Cövdət və Rüfət Həsənov qardaşlarının, Sənani Əhmədovun COVID-19 testlərinin nəticələri pozitiv olduğuna görə onlara ev şəraitində müalicə təyin olunub və onlara qaydalara riayət etmələri tapşırılıb. Buna baxmayaraq, həmin şəxslər qaydaları pozaraq yaşadıqları ünvanları tərk etməklə digərlərinin də sağlamlığına real təhlükə yaradıblar. Keçirilən tədbirlər nəticəsində onların rayon ərazisində yerləri müəyyən olunub. Həmin yerlərə həkim briqadası dəvət edilib və onlar polis əməkdaşlarının da müşayiəti ilə yaşadıqları ünvanlara geri göndəriliblər.
Hər üç şəxs barəsində Ağsu Rayon Polis Şöbəsinin istintaq qrupunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanıb.