CƏMİYYƏT
AHİK sədri: Azərbaycan xalqının gələn il prezident seçkilərində tərəqqiyə, inkişafa səs verəcəyindən əminik
Bakı, 20 dekabr, AZƏRTAC
Əminik ki, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində həmişə olduğu kimi, Azərbaycan xalqı sarsılmaz birliyini, həmrəyliyini qoruyaraq tərəqqiyə, inkişafa səs verəcək.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev qurumun dekabrın 20-də keçirilən növbədənkənar qurultayında deyib.
Səttar Möhbalıyev həmkarlar ittifaqlarının ötən 20 ildə qazandığı nailiyyətlərdə və inkişafında Prezident İlham Əliyevin böyük dəstəyini qeyd edib.
“Konfederasiyada birləşən 1,5 milyon həmkarlar ittifaqı üzvü prezident seçkilərində Vətənimizin bütövlüyünü təmin edən, ölkəmizi qabaqcıl dövlətlər sırasına çıxaran İlham Əliyevin ölkə prezidentliyinə namizədliyini yekdilliklə dəstəkləyir və seçkilərdə ona səs verəcəklərini bəyan edirlər. Biz xalqımızın parlaq gələcəyini, Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının uğurlu davamını Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyində görürük”, - deyə Səttar Möhbalıyev vurğulayıb.