COP29
Ahmed Mohamed Aljarvan: Vətəndaş cəmiyyətinin töhfəsi olmadan iqlim məqsədlərinə çatmaq mümkün deyil
Bakı, 14 noyabr, AZƏRTAC
Vətəndaş cəmiyyətinin dəstəklənməsinin böyük əhəmiyyəti var. Onların təsirli töhfəsi olmadan iqlim məqsədlərinə çatmaq mümkün deyil. Planetimizi gələcək nəsillər üçün qorumalıyıq. Vətəndaş cəmiyyəti təkcə ekoloji proqramların həyata keçirilməsində əsas rol oynamır, həm də ictimai rəyi istiqamətləndirir, iqlim problemlərinə dair məlumatlılığı artırır, qərar qəbul edənləri çox işləməyə sövq edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq və Sülh Uğrunda Qlobal Şurasının sədri Ahmed Mohamed Aljarvan söyləyib.
O, bütün təşkilatlara COP29-un məqsədlərini təşviq və əməkdaşlıq etmək, birlikdə işləmək, həmçinin dünyada sülhün və tolerantlığın təşviq olunması üçün çağırış edib.
Ahmed Mohamed Aljarvan, həmçinin beynəlxalq iqlim tədbirinin yüksək səviyyədə təşkil edildiyini bildirərək deyib: “Azərbaycan Respublikasına və onun səxavətli xalqına COP29-un gözəl təşkilatçılığı üçün öz təşəkkürümü bildirirəm”.