Aİ Şurası illərlə davam edən müzakirələrdən sonra “çət nəzarəti” ilə bağlı mövqeyini razılaşdırdı
Brüssel, 26 noyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Şurası onlayn uşaq seksual istismar materiallarının (Child Sexual Abuse Material - CSAM) yayılmasının qarşısını almağa yönəlmiş Uşaq Seksual İstismarı Qaydası üzrə illərlə davam edən çətin danışıqlardan sonra ortaq mövqeyə gəlib. Bu qərar Şura ilə Avropa Parlamenti arasında yekun qanun mətninin hazırlanması üzrə danışıqların başlanmasına imkan verir.
Komissiyanın ilkin təklifi hüquq-mühafizə orqanlarına texnoloji platformalardan xidmətlərini CSAM və bu tipli fəaliyyətinə görə məcburi şəkildə skan etməyi tələb etmək səlahiyyəti verirdi. Ekspertlər bu mexanizmin bütün mesajlaşma xidmətlərinin, o cümlədən ucdan-uca şifrələnmiş (E2EE) yazışmaların genişmiqyaslı monitorinqinə yol aça biləcəyindən narahat idilər. Məhz bu səbəbdən layihə ictimaiyyətdə “çət nəzarəti” kimi tanınmışdı.
Yeni razılaşdırılmış Şura mövqeyi məcburi aşkaretmə göstərişlərini hüquqi mətndən çıxarır. Bunun əvəzinə platformalar üçün risklərin azaldılması istiqamətində daha güclü öhdəliklər müəyyən edilir. Şirkətlərin xidmətlərini könüllü şəkildə CSAM üçün skan etməsi isə mümkün riskazaltma tədbirlərindən biri kimi qalır.
Məxfilik tərəfdarları yenə də narahatdırlar ki, tənzimləyicilər ucdan-uca şifrələmə tətbiq edən xidmətlərə təzyiq göstərməklə bu prosesin faktiki olaraq məcburi hala çevrilməsinə səbəb ola bilərlər. Şura mətnində şifrələmənin qorunmasının vacibliyi ayrıca qeyd edilsə də, müzakirələrin hələ uzun müddət davam edəcəyi gözlənilir.
Danimarkanın ədliyyə naziri Piter Hummelqaard razılaşmanı alqışlayıb və hər il milyonlarla uşaq istismarı materialının yayıldığını vurğulayıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel