AIDA-nın nümayəndəsi Parisdə keçirilən UNESCO Tərəfdaşları Forumunda iştirak edib
Bakı, 13 sentyabr, AZƏRTAC
BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (UNESCO) təşkilatçılığı ilə Parisdə keçirilən UNESCO Tərəfdaşları Forumunda ölkəmiz Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndəsi tərəfindən təmsil olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, UNESCO-nun baş direktoru xanım Odre Azulenin də iştirak etdiyi tədbirin əsas məqsədi BMT Baş Assambleyasının müvafiq qətnamələrinə uyğun olaraq Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin həyata keçirilməsi və bu istiqamətdə UNESCO tərəfindən dünyanın bir çox regionlarında həyata keçirilən müxtəlif proqram və layihələr barədə iştirakçıların məlumatlandırılması, həmçinin inkişaf etməkdə olan ölkələrdə sülh, təhlükəsizlik və sabitliyin bərqərar olması istiqamətində UNESCO-nun yeni donor ölkələr ilə əməkdaşlıq münasibətlərinin genişləndirilməsindən ibarətdir. AIDA-nın sözügedən tədbirdə iştirakı yeni donor ölkə olan Azərbaycanın UNESCO ilə əməkdaşlığının genişləndirilməsinə xidmət edəcək.
Qeyd edək ki, görüşdə müxtəlif ölkələrin dövlət və hökumət qurumları, inkişaf əməkdaşlığı üzrə milli agentliklərin, aparıcı beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.