Akademik İsa Həbibbəyli Türkmənistanın müstəqilliyinin 30 illik yubileyinə həsr olunan tədbirdə iştirak edib
Bakı, 25 iyun, AZƏRTAC
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü, Türkmənistan Elmlər Akademiyası və Türkmənistan Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Elm, texnika və innovativ texnologiyaların inkişafı” mövzusunda onlayn beynəlxalq konfransda iştirak edib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Türkmənistanın müstəqilliyinin 30 illik yubileyinə həsr olunan tədbirdə akademik İ.Həbibbəyli “Azərbaycan-Türkmənistan əlaqələri: tarixi ənənələr və müasir dövr” mövzusunda məruzə ilə çıxış edib.
Qeyd edək ki, konfransa Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, İran, Yaponiya, Çin, Cənubi Koreya, Almaniya, Niderland və Polşadan akademiyaların, elmi qurumların, innovasiya mərkəzlərinin rəhbərləri qatılıb.
Tədbir çərçivəsində nanotexnologiya, kimya texnologiyası, yeni materiallar, biotexnologiya, molekulyar biologiya, ekologiya, kənd təsərrüfatı, kompüter texnologiyaları, müasir tibb texnologiyaları, innovativ iqtisadiyyat və humanitar elmlərə həsr edilmiş seksiyalar keçirilib.