AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN XATİRƏSİ YAD EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbirin iştirakçıları əvvəlcə görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın və ümummilli liderimiz Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Zərifə xanımın təşəbbüsü ilə ötən əsrin 70-ci illərində ilk dəfə olaraq zavodda fəaliyyətə başlayan tibb məntəqəsinə və burada xüsusi zövqlə düzəldilmiş xatirə muzeyinə baxdılar.
Tədbirdə cəmiyyətin sədri Vaqif Heydərov çıxış edərək beynəlxalq aləmdə yetərincə tanınan alimin xidmətlərindən danışdı. Bildirdi ki, fundamental elmi tədqiqatları ilə tibb elminin oftalmologiya sahəsinə yeniliklər bəxş edən Zərifə xanım ölkəmizin ictimai və siyasi həyatında da müstəsna xidmətləri ilə tanınıb. Şəfalı əlləri ilə insanlara həyatın ən böyük neməti olan cansağlığı bəxş edən oftalmoloq zavod əməkçilərinin sağlamlığı naminə burada tibb məntəqəsi yaradıb. Kollektivimiz bu qayğıkeşliyi yüksək dəyərləndirməklə, Zərifə xanımın xatirəsini daim yaşadır, bir vaxtlar onun çalışdığı iş otağını xatirə kompleksinə çevirmişik.
Milli Məclisin deputatları Vaqif Abdullayev, Əsmətxanım Məmmədova, Vüqar Rəhimzadə, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və başqaları akademik Zərifə Əliyevanın çoxşaxəli fəaliyyətinin ayrı–ayrı məqamlarına toxundular. Bildirildi ki, Azərbaycan qadınının yüksək keyfiyyətlərini əməllərində cəmləşdirən və onu inkişaf etdirərək beynəlxalq aləmdə təbliğ edən akademikin ölkə səhiyyəsinin tərəqqisində misilsiz xidmətləri olub. Zərifə xanım gənc nəslin milli ruhda, sağlam, əqidəli və savadlı böyüməsində əməyini əsirgəməyərək peşəkar tibb işçilərinin formalaşmasına nail olub. Dünyada oftalmologiya elminin inkişafında ölkəmizin xüsusi dəst-xəttinin olması məhz Zərifə xanımın xidmətlərinin bəhrəsidir.
Sonra tədbirin iştirakçıları Fəxri xiyabana gedərək ümummilli liderimiz Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoydular.