“Akkord” Korporasiyası 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad etmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən hiddətlənən, Bakının küçə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciə ilə nəticələnmişdir. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.
Günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirmişdir.
1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Həmin vaxt Moskvada yaşayan ulu öndərimiz Heydər Əliyev həyatını təhlükədə qoyaraq, yanvarın 21-də Azərbaycanın daimi nümayəndəliyinə gəlmişdir. Bu qırğını törədənləri pisləyən və kəskin bəyanatla çıxış edən görkəmli siyasi xadim xalqımızın başına gətirilən faciəni dünya ictimaiyyətinə çatdırmışdır.
Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 23 il keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur və hər il on minlərlə insan qəhrəman övladlarının uyuduğu Şəhidlər Xiyabanını ziyarət edir.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, hər il olduğu kimi, şirkətin kollektivi bu il də ümumxalq hüzn günündə 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edərək Şəhidlər xiyabanında olmuşlar. Hadisə nəticəsində qətlə yetirilən qəhrəman Azərbaycan övladlarının xatirəsi yad edilmişdir.
ASC-nin Direktorlar Şurasının tapşırığına əsasən anım tədbirləri təkcə respublikamızda deyil, korporasiyanın - Qazaxıstan, Gürcüstan, Özbəkistan, Türkiyə, Ukrayna və Almaniyada olan törəmə şirkət və nümayəndəliklərində də təşkil edilmiş və şəhidlərin xatirəsi dərin ehtiramla anılmışdır.