Aksiya iştirakçısı: Sülhməramlılardan monitorinqə şərait yaradılmasını tələb edirik
Şuşa, 14 dekabr, AZƏRTAC
Şuşadakı dinc aksiyanı Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri olaraq şəxsi təşəbbüsümüzlə keçiririk. Çünki Rusiya sülhməramlı kontingentinin nəzarətində olan işğaldan azad edilmiş Azərbaycan ərazilərində ölkəmizin faydalı qazıntı yataqları qanunsuz istismar edilir, torpaqlarımızda ekoloji terror törədilir. Biz Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan torpaqlarında ekoloji terrora və sərvətlərimizin talanması kimi əməllərə son qoyulmasını tələb edirik.
Bunu bir qrup azərbaycanlı ekoloqun, QHT nümayəndələrinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı Laçın-Şuşa yolunda təşkil edilən etiraz aksiyasının iştirakçısı, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdiyev AZƏRTAC-a müsahibəsində deyib.
“Biz və Azərbaycan ekoloqları Rusiya sülhməramlı kontingentinin komandanı general Andrey Volkovdan həmin ərazidə monitorinq aparmağa şərait yaradılmasını tələb edirik. Həmin ərazi sülhməramlı qüvvələrin nəzarət etdiyi bölgədir. Lakin biz iki gündür ərazidə olmağımıza baxmayaraq, sülhməramlı kontingentin rəhbərliyi suallarımızı cavablandırmaq üçün hələ ki, bizimlə görüşmür. Sadəcə aksiyaların ilk günündə kiçik rütbəli bir şəxs bizə yaxınlaşdı. Həmin şəxsin dediyi anlaşılan olmadığı üçün onunla danışıqlardan imtina etdik. A.Volkovun etirazçılar qarşısına çıxmasını tələb etməyimizə baxmayaraq, hər hansı məlumat yoxdur. Bu tələbimiz yerinə yetirilənədək mübarizəmiz davam edəcək.
Havanın soyuq olması bizi qorxuda bilməz. Çünki qardaşlarımız şəhid, qazi olaraq bu torpaqları azad edib. Biz gəncliyin də borcu bu torpaqların təbiətini, ekologiyasını qorumaqdır. Odur ki, burada heç kimdən çəkinmirik. Əlisilahlı rus sülhməramlısı da bizi qorxuda bilməz. Bu gün Ermənistanda və Xankəndidə feyk məlumatlar yayırlar. Biz mülki, silahsız vətəndaşlarıq və etiraz aksiyamızı məhz öz torpağımızda keçiririk”, - deyə İctimai Birliyin sədri vurğulayıb.