Aktotı Raimkulova: Birinci Türkoloji Qurultayın ideyaları yeni inkişaf mərhələsinə qədəm qoyur
Bakı, 2 iyul, AZƏRTAC
Yüz il əvvəl, 1926-cı ildə məhz Bakıda Türk dünyasının görkəmli alim və mütəfəkkirlərinin iştirak etdiyi Birinci Türkoloji Qurultay keçirildi. Bu tarixi məkanda türk dillərinin bundan sonrakı inkişafı, əlifba islahatı və ortaq tarixin, mədəniyyətin və elmi irsin tədqiqini müəyyən edən məsələlər müzakirə edildi. Lakin qurultay iştirakçılarının bir çoxunun taleyi faciəli oldu: onlar sonradan repressiyalara məruz qaldılar və qurultayda qəbul edilən qərarların əhəmiyyətli bir hissəsi heç vaxt həyata keçirilmədi.
Bu barədə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə danışıb.
“Bu gün, bir əsr keçdikdən sonra, əminliklə deyə bilərik ki, Birinci Türkoloji Qurultay iştirakçıları tərəfindən irəli sürülən bir çox ideyalar həyata keçirilir. Beynəlxalq Türk təşkilatları yaradılıb, türk dövlətləri arasında əməkdaşlıq fəal şəkildə inkişaf edir, türkologiya isə yeni inkişaf mərhələsinə qədəm qoyur. Beynəlxalq konfranslar, elmi forumlar və birgə tədqiqatlar elmi əlaqələrin möhkəmləndirilməsinə, ortaq tarixi irsin öyrənilməsinə və türk xalqlarının zəngin mədəniyyətinin qorunub saxlanmasına töhfə verir”, - deyə o vurğulayıb.
Aktotı Raimkulovanın sözlərinə görə, Türk Mədəniyyəti və İrsi Fondu üçün Azərbaycan Milli Tarix Muzeyi ilə birgə sərgini təşkil etmək böyük şərəfdir: “Sərginin hazırlanmasından əvvəl geniş elmi-tədqiqat işi aparılıb. Sərgidə unikal arxiv materialları — əvvəllər dərc olunmamış sənədlər, bəyannamələr, 1925-ci ildən fəaliyyət göstərən qurultayın təşkilat komitəsinin protokolları, nadir fotoşəkillər və digər tarixi dəlillər nümayiş olunur. İşimizin ən vacib nəticələrindən biri onilliklər boyu naməlum qalan bir çox qurultay iştirakçılarının adlarının bərpası olub”.
O, vurğulayıb ki, bu layihənin həyata keçirilməsi Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan dövlət arxivləri ilə sıx əməkdaşlıq sayəsində mümkün olub.