Aktotı Raimkulova: Türk müəlliflərinin əsərlərinin başqa dillərə tərcüməsi mühüm təbliğat vasitələrindən biridir
Bakı, 6 oktyabr, AZƏRTAC
Əsas məqsədimiz Türk dünyasını mədəniyyət və irs vasitəsilə birləşdirməkdir. Biz ümumi abidələrimizin bərpası ilə məşğul oluruq, müxtəlif layihələr həyata keçiririk və bütün bunlar dünyamızın ümumiliyini simvollaşdırır. Türkdilli müəlliflərin əsərlərinin başqa dillərə tərcümələri ən mühüm təbliğat vasitələrindən biridir.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova AZƏRTAC -ın müxbirinə müsahibəsində bildirib ki, rəhbərlik etdiyi qurum əvvəllər Türk dünyası müəlliflərinin əsərlərinin qardaş xalqların dillərinə tərcüməsi ilə bağlı bir sıra layihələr həyata keçirib.
“Bildiyiniz kimi, bu il Azərbaycan Prezidenti İlham Əliyev “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Bununla əlaqədar olaraq, Fond Astanada və Bakıda azərbaycanlı dahi şairə həsr olunmuş kitabların təqdimatlarını təşkil edib”, -deyə agentliyin həmsöhbəti xatırladıb.
Onun sözlərinə görə, “Heydər Əliyev və Füzuli” kitabı Azərbaycanın Ulu Öndərinin unudulmaz şairin yaradıcılığına nə qədər yüksək qiymət verdiyini göstərir. “Hesab edirəm ki, belə kitablar bütün türk dillərinə tərcümə edilməlidir. Hazırda bu istiqamətdə işləyirik. Türk dünyasının ən görkəmli yazıçı və şairlərinin əsərlərini bütün türk dillərinə tərcümə və nəşr etməyə davam edəcəyik”, - deyə Raimkulova əmin edib.
X Bakı Beynəlxalq Kitab Sərgisinin əhəmiyyətini vurğulayan Fondun prezidenti əlavə edib: “Mən bütün dünyada müxtəlif tədbirlərdə olmuşam və bu kitab sərgisinin xüsusi təşkilini, ideologiyasını və ab-havasını qeyd etmək istəyirəm. Mən burada çoxlu sayda uşaq və gənc görürəm. Halbuki, indi gənclərin kitab oxumadığına inanılır. Əslində, belə tədbirlər gənclərimizi smartfonlardan uzaqlaşdırır. Mən bu kitab sərgisinə gələcəkdə də böyük uğurlar, yazıçılarımıza isə məhsuldar yaradıcılıq arzulayıram”.