ALİM, TƏŞKİLATÇI, İCTİMAİ XADİM
Əslində, bunda təəccüblənməli bir şey yoxdur, çünki Ziyad Səmədzadə Azərbaycanda da, onun hüdudlarından uzaqlarda da artıq çoxdan tanınmış alimdir. O, müstəqil assosiasiya kimi fəaliyyət göstərən və Beynəlxalq İqtisadçılar İttifaqının təsisçilərindən biri və kollektiv üzvü olan Azərbaycan İqtisadçılar İttifaqına (Aİİ) təxminən 15 ildir ki başçılıq edir.
Aİİ üzvləri ölkəmizin iqtisadi müstəqilliyini öncədən müəyyənləşdirən qanunların və normativ aktların işlənib hazırlanmasında fəal iştirak etmişlər. Alimlər bir sıra illər ərzində islahatların gedişini ətraflı araşdıraraq, bazar iqtisadiyyatının sosial yönümünü gücləndirməyə çalışmışlar. Bununla əlaqədar kənddə dəyişikliklərin həyata keçirilməsi problemlərinə, aqrar islahatların sürətləndirilməsinə xüsusi diqqət yetirilmişdir.
Aİİ-nin rəhbəri təbiətən fəal insandır, təşkilatın keçirdiyi elmi konfransların materiallarının dərc edilməsinə nail olmuşdur. “Azərbaycan XXI əsrin astanasında” adlı üçcildlik əsər cəmiyyətdə geniş rəy doğurmuşdur. Əsərdə müəlliflər qrupu yeni yüzilliyin öncül istiqamətlərini müəyyənləşdirməyə, bununla bağlı ölkəmizin problemlərini təhlil etməyə müvəffəq olmuşlar. İttifaqın nəşri olan “İqtisadiyyat” qəzeti isə müasir iqtisadi ideya və baxışların, necə deyərlər, carçısı, hətta bəzi məsələlərdə məsləhətçisidir.
Digər ölkələrin iqtisadçıları ilə əlaqələr Ziyad Səmədzadə ilə birgə çalışan alimlərə çox kömək edir. Aİİ San-Fransisko, Barselona, Avstraliya, Paris və Moskvada keçirilən mühüm forumların iştirakçısı olmuşdur. Ziyad Səmədzadə deyir ki, Beynəlxalq İqtisadçılar İttifaqının üzvü olan alimlərimiz iqtisadi islahatların elmi, informasiya təminatı üzrə işləri xarici ölkələrin qeyri-hökumət təşkilatları ilə, habelə ayrı-ayrı mütəxəssislərlə əlaqələndirmək imkanı əldə etmişlər.
Aİİ və ilk növbədə, onun rəhbəri həm də geniş elmi-təşkilati iş aparır, elmi qüvvələri iqtisadi məsələlər ətrafında birləşdirirlər. Axı, qarşıda ölkəmizi çox mühüm vəzifələr - hələ ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi siyasətdə, eləcə də Prezident İlham Əliyevin imzaladığı çox aktual, konkret və Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş sənədlərdə öz əksini tapmış vəzifələrin həyata keçirilməsi gözləyir.
Qeyri-hökumət təşkilatı kimi, Azərbaycan İqtisadçılar İttifaqı elm ilə istehsalatın inteqrasiyasında, gənc alimlərin ölkə iqtisadiyyatının təkmilləşməsinə cəlb olunmasında, onların peşəkarlığının yüksəldilməsi üçün şərait yaradılmasında yaxından iştirak edir. Lakin akademik milli iqtisadiyyatın inkişafı ilə bağlı mühüm sosial-iqtisadi problemlərə dair çoxvariantlı təkliflərin hazırlanmasında Aİİ üzvlərinin iştirakını təşkilatın fəaliyyətində ən başlıca cəhət hesab edir.
Milli Məclisin deputatı, onun iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadəni bütün bu problemlər, vəzifələr, onların həyata keçirilməsi imkanları, həmişəki kimi, yenə də narahat edir. Bir deputat, alim kimi, o, özünün bütün imkanlarını səfərbərliyə alaraq, ölkənin sosial-iqtisadi inkişafının yeni-yeni konsepsiyalarının hazırlanmasında fəal iştirak edir.