ALMANİYA HÖKUMƏTİ 3 LAYİHƏYƏ 5 MİLYON AVRO AYIRACAQDIR
Sənədi iqtisadi inkişaf naziri Heydər Babayev və Almaniyanın ölkəmizdəki səfiri Detlef Lingeman imzalamışlar.
Heydər Babayev və Detlef Lingeman kütləvi informasiya vasitələrinin nümayəndələri üçün açıqlama vermişlər. Bildirilmişdir ki, Almaniya hökumətinin yardımı ilə Azərbaycanda özəl sektorun inkişafı, hüquq və məhkəmə sistemində islahatların dəstəklənməsi, aparılan tədqiqatlara texniki yardım göstərilməsi və mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində layihələr həyata keçirilmişdir. Bu layihələrin səmərəliliyi nəzərə alınaraq, Almaniya hökuməti ilə danışıqlar nəticəsində onların davam etdirilməsi məqsədəuyğun sayılmışdır. Almaniya hökuməti hər üç layihənin maliyyələşdirilməsinə vəsait ayrılmasına razılıq vermişdir.
“Hüquq və məhkəmə islahatlarının dəstəklənməsi” layihəsi üzrə tərəfdaş Ədliyyə Nazirliyi, digər iki layihə üzrə isə İqtisadi İnkişaf Nazirliyidir. Layihələrin ümumi dəyəri 5 milyon avrodur. Onların icrası Almaniya Texniki Əməkdaşlıq Təşkilatına həvalə olunmuşdur.