Almaniya köhnəlmiş dəmir yolu şəbəkəsi problemini həll edir
Bakı, 16 iyul, AZƏRTAC
Avropanın ən böyük iqtisadiyyatının köhnəlmiş dəmir yolu şəbəkəsinin əsaslı təmiri çərçivəsində Almaniyanın əsas dəmiryol dəhlizlərindən biri bir neçə ay müddətinə bağlanacaq.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu “The Guardian” qəzetinin saytında dərc olunmuş məqalədə deyilir ki, bu rekonstruksiyanın həyaya keçirilməsi barədə qərar ölkənin əsas dəmir yolu operatoru “Deutsche Bahn” şirkətinin etibarsız xidmətlərinə görə “Avro-2024”ün zarafat obyektinə çevrilməsi nəticəsində verilib.
Son illərdə “Deutsche Bahn” şirkətində nasazlıqlar, gecikmələr, reyslərin ləğvi faktları və digər böyük texniki insidentlərdə kütləvi artım müşahidə olunub. Nəşr qeyd edir ki, vəziyyət Almaniyanın dəmir yolu infrastrukturunun inkişaf etməkdə olan ölkələrin infrastrukturu ilə xoşagəlməz müqayisələrinə gətirib çıxarıb.

“Avro-2024” futbol çempionatı zamanı milli dəmir yolu şirkəti müxtəlif ölkələrdən Almaniyaya gələn azarkeşlərin zarafat və tənqid obyektinə çevrildi. Turnirin dörd həftəsi ərzində futbol azarkeşləri “Deutsche Bahn” qatarlarının nə qədər etibarsız olduğuna təəccüb etdilər. Onlar sosial şəbəkələrdə Almaniyada keçirilən Avropa çempionatının bəzi oyunları zamanı sərnişin qatarlarının hərəkətində yaranan xaosdan, uzunsürən gecikmələrdən və qatarların çox olmasından şikayət ediblər.
Şirkət sərnişinlərdən üzr istəyib və onlara maddi təzminat vəd edib, baxmayaraq ki, bu, sevimli komandasının oyununa vaxtında çata bilməyənlər üçün təsəlli olmayacaq.

Almaniyanın nəqliyyat naziri Volker Fissinq də “Deutsche Bahn”ın 2024-cü il Avropa futbol çempionatı zamanı fəaliyyətini sərt tənqid edib. O, “Welt am Sonntag” qəzetinə deyib: “Bu, bizim nəqliyyat infrastrukturu standartlarına cavab vermir”.
“Reuters” agentliyinin qeyd etdiyi kimi, çempionat almanların səmərəliliyi və dəqiqliyi ilə bağlı problemləri üzə çıxarıb.
“Deutsche Bahn” bu həftə mətbuat üçün şərhində bəyan edib: “Dəmiryol sistemimiz imkanlarından da yuxarı səviyyədə işləyib, amma köhnəlmiş və həddindən artıq yüklənmiş infrastruktur fəaliyyətimizi məhdudlaşdırıb”.