SİYASƏT
Almaniya telekanalında hazırda bölgədə mövcud olan vəziyyətdən danışılıb VİDEO
Berlin, 30 sentyabr, AZƏRTAC
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev bu ölkənin tanınmış dövlət telekanalı olan PHOENIX kanalına müsahibə verib.
AZƏRTAC xəbər verir ki, müsahibə çoxmilyonlu tamaşaçı auditoriyasına malik telekanalda canlı yayımlanıb, habelə Almaniyanın digər nüfuzlu ictimai kanalları ARD və ZDF-nin videotekasında yerləşdirilib. Müsahibəni tanınmış alman jurnalist Florian Bauer götürüb.
N.Ağayev müsahibəsində təxminən 30 il əvvəl Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz, Azərbaycan ərazisinin 20 faizinin zəbt edilməsindən, işğal zamanı ərazilərimizdə həyata keçirilmiş etnik təmizləmələr, maddi və mədəni irsin barbarcasına dağıdılmasından, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsindən və digər məsələlərdən söhbət açıb. Bildirilib ki, 2020-ci ildə baş verən 44 günlük müharibə nəticəsində imzalanmış üçtərəfli Bəyanata zidd olaraq Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yerləşdirdiyi 10 min silahlısını ərazilərimizdən çıxarmayıb və bu silahlı hərbi birləşmələr Azərbaycan vətəndaşlarına qarşı terroru, müxtəlif növ təxribatları davam etdirib.
Səfir əlavə edib ki, Ermənistan Azərbaycan tərəfinin təxribatlara son qoymaq və qanunsuz silahlı qüvvələri Qarabağ bölgəsindən çıxarmaqla bağlı uzunmüddətli tələblərinə məhəl qoymayıb, ərazilərimizdə yeni minalar yerləşdirərək vətəndaşlarımızın ölümünə səbəb olub. Nəticədə Azərbaycan beynəlxalq hüquqa görə ona məxsus olan ərazilərdə lokal xarakterli antiterror tədbirləri həyata keçirməyə məcbur olub. Diplomat Azərbaycan Ordusunun 24 saatdan az çəkən antiterror tədbirləri zamanı beynəlxalq humanitar hüququn bütün tələblərini yerinə yetirərək mülki şəxsləri və ya onların məskunlaşdıqları yerləri hədəf almadığını, yalnız hərbi obyektlərin məhv edildiyini xüsusi vurğulayıb. Səfir, həmçinin Azərbaycan tərəfindən Qarabağdakı ermənilərə göstərilən humanitar yardımlardan ətraflı bəhs edib.
N.Ağayev Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşları olaraq nəzərdən keçirildiyini, onların Azərbaycanda həyatın bütün sahələrinə reinteqrasiyası, habelə sözügedən bölgədə yaşamalarını davam etdirmələri üçün bütün şəraitin yaradılacağını, onların təhlükəsizliyinin, bütün hüquq və azadlıqlarının təmin oolunacağını söyləyib.
Diplomat müsahibəsində Ermənistanla münasibətlərin normallaşması məsələsinə də toxunub. İki ölkə arasında ərazi bütövlüyü və suverenliyin qarşılıqlı şəkildə tanınması, eləcə də ərazi iddialarından imtina edilməsinə əsaslanan sülh sazişinin imzalanmasının zəruriliyini ifadə edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin