ALMANİYADA 58-Cİ BEYNƏLXALQ KİTAB SƏRGİSİ KEÇİRİLİR SƏRGİDƏ AZƏRBAYCAN DA İŞTİRAK EDİR
Təqribən 172 min kvadratmetr sahəni əhatə edən sərginin pavilyonlarında 400 mindən artıq kitab və multimedia vasitələri ədəbiyyat həvəskarlarının ixtiyarına verilmişdir. Oktyabrın 8-dək davam edəcək sərgidə təqribən 2 min 500 müxtəlif tədbir-müəllif və naşirlərlə görüşlər, müzakirə və diskussiyalar, təqdimat mərasimləri keçiriləcəkdir. Bu tədbirlərdə 1000-dən artıq müəllif iştirak edəcəkdir.
Sərgidə Azərbaycan Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin, Milli Elmlər Akademiyasının göndərdiyi 600 adda kitab nümayiş etdirilir. Həmin kitablar Azərbaycan tarixini, mədəniyyətini, elmini, siyasətini, iqtisadiyyatını və bugünkü inkişafı ilə bağlı mövzuları əhatə edir. Onların arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitablar da vardır.
Ənənəyə uyğun olaraq, hər il Frankfurt-Mayn kitab sərgisində dünya ölkələrindən biri fəxri qonaq statusu ilə iştirak edir. Builki sərginin fəxri qonağı Hindistandır.
Almaniya xarici işlər naziri Ştaynmayer və Hindistanın təhsil naziri Sinqh sərginin rəsmi açılış mərasimində iştirak etmişlər.