ALMANİYADAKI AZƏRBAYCAN DİASPORU ERMƏNİ DİASPORUNA CAVAB AKSİYASI KEÇİRİR
Bakı, 20 sentyabr (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın Milli Qəhrəmanı, tanınmış telereportyor Çingiz Mustafayevlə bağlı reportajın CNN beynəlxalq telekanalında göstərilməsi, Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə nümayiş etdirilməsi erməni lobbisini narahat etmişdir. ABŞ-ın nüfuzlu erməni təşkilatlarından biri olan Amerikanın Erməni Assambleyası ermənilərə müraciət edərək „CNN İnternational“ın World Report şöbəsinə etiraz məktubları göndərməyə çağırmış və reportajın yayımının qarşısını almağa səy göstərmişdir.
Ermənilərin bu aksiyasına cavab olaraq Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Azərbaycanın Almaniyadakı səfirliyinin məsləhəti ilə CNN telekanalına, qurumun vitse-prezidenti Rick Davisə, verilişin aparıcısı Quillermo Adornioya təşəkkür və dəstək məktubları (e-mailləri) göndərmiş, eləcə də Almaniya ictimaiyyətini və Azərbaycan diaspor təşkilatlarını bu aksiyaya qoşulmağa dəvət etmişdir. Dəvət məktubu Almaniyadakı bütün Azərbaycan və türk diaspor təşkilatlarına da göndərilmişdir.
Qeyd edək ki, 2010-cu il avqustun 28-31-də CNN İnternational telekanalının „World View“ proqramında Qarabağ müharibəsində şəhid olmuş telereportyor, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin 50 yaşının tamam olması ilə əlaqədar onun fəaliyyətinə, eləcə də Xocalı faciəsinə və jurnalistin bu soyqırımı aktını fədakarlıqla dünyaya yaymasına həsr edilmiş reportaj yayımlanmışdır. ANS televiziyasının əməkdaşı Sevinc Osmanqızının müəllifi olduğu reportaj “World View” proqramında 4 gün ərzində 5 dəfə efirə verilmişdir.