ALMANİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ SABİRABADDAQALAĞAYIN ÇADIR ŞƏHƏRCİYİNDƏ MÜVƏQQƏTİMƏSKUNLAŞMIŞ MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabirabad rayon bölməsinin müdiri İ.Tağıyevin müşayiəti ilə məcburi köçkünlərə baş çəkən səfir onların ağır yaşayış tərzi ilə yaxından tanış olmuşdur.
Səfir P.K.Stankinanı və xanımını səmimiyyətlə qarşılayan məcburi köçkünlər 14 ildən artıq müddət ərzində çadır düşərgələrində yaşadıqlarından, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində sülh yolu ilə tezliklə həllini tapması və öz doğma torpaqlarına qayıtmaq arzusunda olduqlarından danışmışlar.
Daha sonra səfir Qalağayın çadır düşərgəsində 328 nəfər şagirdin təhsil aldığı Füzuli rayon 27 nömrəli orta məktəbdə olmuşdur. Məktəbin sinif otaqları ilə yaxından tanış olduqdan sonra müəllim və şagird kollektivi ilə səmimi söhbət edən səfir alman və Azərbaycan xalqları arasında qədim tarixi dostluq əlaqələrindən danışmış və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı haqq işini Almaniya dövlətinin daim müdafiə etdiyini bildirmişdir.
Sonda səfir P.K.Stankina və xanımı özləri ilə gətirdikləri məktəb və idman ləvazimatından ibarət hədiyyələri məktəbin müəllim və şagird kollektivinə təqdim etmişlər.