Almaniyanın Həmkarlar İttifaqları: Əcnəbi işçilər üçün vergi güzəştləri sosial partlayışdır
Bakı, 16 iyul, AZƏRTAC
Almaniya hökuməti ölkənin 2025-ci ilə büdcə layihəsini razılaşdırıb.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, xüsusilə bir bənd - Almaniyada kadr çatışmazlığının aradan qaldırılması üçün iqtisadiyyat naziri Robert Habekin ixtisaslı əcnəbi işçilərə vergi güzəştlərinin verilməsi təklifi xeyli mübahisələrə səbəb olub.
Habek bildirib ki, ilkin mərhələdə 30 faiz və üç ildən sonra 10 faiz vergi güzəştləri ilə xaricdən peşəkarlar cəlb edilə bilər. Nazir Avstriya və Niderland kimi digər ölkələrin uğurlu təcrübəsini əsas gətirib. Habek qeyd edir ki, digər ölkələrdə işləmiş bir plan hətta eksperiment kimi də olsa, Almaniyada da tətbiq edilməyə layiqdir.
Onun sözlərinə görə, əgər Almaniyaya ölkədə işləmək və güzəştlərdən faydalanmaq istəyən çox sayda ixtisaslaşmış mütəxəssis gəlsə, “biz hamımız udarıq”.

Lakin bu ideya bəzi partiyalar tərəfindən kəskin tənqidə məruz qalıb. Xristian Demokrat İttifaqının iqtisadi siyasət üzrə mətbuat katibi Culiya Kokner bildirib ki, Habekin təklifi “ölkə sakinlərinə qarşı ayrı-seçkilik” deməkdir. İmmiqrasiyaya qarşı mübarizəni seçki kampaniyasının mərkəzi mövzusuna çevirən ifrat sağçı “Almaniya üçün Alternativ” partiyası bu ideyanı “zəhmətkeş almanların üzünə şillə” adlandırıb, Almaniya Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Yasmin Fahimi isə, təklifi “sosial cəhətdən partlayış” adlandırıb.
Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun hesablamalarına görə, əsas sahələrdə ixtisaslaşmış kadrların çatışmazlığı ölkəyə 29 milyard avroya başa gəlir ki, bu da 2010-cu il ilə müqayisədə on dəfə çoxdur.