Almaniyanın şimal bölgəsi müdafiə və innovasiya mərkəzinə çevriləcək
Berlin, 27 avqust, AZƏRTAC
Almaniyanın Hessen əyalət hökuməti və “Rheinmetall” şirkəti ölkənin şimalında yerləşən Şimali Hessen bölgəsini müdafiə və innovasiya mərkəzinə çevirmək məqsədilə genişmiqyaslı layihənin icrasına başlayır.
AZƏRTAC xəbər verir ki, şirkətin məlumatına əsasən, tərəflər Kassel hava limanında “Şimali Hessen Müdafiə Habı”nın (Defence Hub Nordhessen) yaradılması layihəsi üzrə anlaşma memorandumu imzalayıblar.
Layihə çərçivəsində Kassel hava limanının yaxınlığındakı 30 min kvadratmetrdən çox sahədə yeni logistika və texnologiya mərkəzi inşa ediləcək. Müəssisənin 2027-ci ilin sonunadək fəaliyyətə başlaması planlaşdırılır. İnvestisiyanın ümumi həcmi bir neçə yüz milyon avro təşkil edir.
Mərkəzdə “Rheinmetall”ın həm milli, həm də beynəlxalq sifarişlərinin icrası üçün logistika imkanlarının genişləndirilməsi, təchizat zəncirinin optimallaşdırılması və çatdırılma müddətlərinin qısaldılması nəzərdə tutulur. Burada pilotsuz uçuş aparatlarının sınaq mərkəzi də yaradılacaq.
Layihənin bölgədə yeni iş yerlərinin açılmasına, eləcə də mövcud Kassel zavodunun yükünün azalmasına imkan verəcəyi bildirilir. Burada əməkdaşların hazırlanması və ixtisasartırması da həyata keçiriləcək.