COP29
Almatı Məsləhətinin deputatı: Gəncləri yaşıllaşdırma layihələrinə cəlb etmək lazımdır
Bakı, 12 noyabr, AZƏRTAC
Dünya gənclərini yaşıllaşdırma layihələrinə cəlb etmək lazımdır. Çünki indi yaşıllıqlar xeyli azalır, səhralaşma, torpaq eroziyası və ərazilərin susuzlaşması baş verir. Bunun üçün planetin istiləşməsini yavaşlatmaq məqsədilə çox böyük massivlər əkilməlidir.
Bu barədə AZƏRTAC-a müsahibəsində Almatı Məsləhətinin deputatı Timur Eleusizov bildirib.
Deputat hesab edir ki, tullantıların ayrıca toplanması və təkrar emalı üçün karbona davamlı layihələrin həyata keçirilməsi vacibdir: “Lakin biz ikinci dərəcəli tullantıların təkrar emalının nə dərəcədə davamlı olacağını başa düşməliyik. Təbii ki, yeni yaşıl texnologiyaların tətbiqi məcburidir”, - deyə o qeyd edib.
T.Eleusizovun sözlərinə görə, əgər biz dayanıqlı dünya qururuqsa, o zaman daha qabaqcıl texnologiyalar tətbiq etmək lazımdır. “Əgər biz buna səy göstərsək, düşünürəm ki, o zaman planetdəki vəziyyət yaxşılaşacaq”, - deyə deputat sözlərini yekunlaşdırıb.