Altı ay ərzində 8614 vətəndaşa səyyar sosial xidmət göstərilib
Bakı, 29 iyul, AZƏRTAC
Bu ilin 6 ayında Sosial Xidmətlər Agentliyinin filialları tərəfindən 8614 vətəndaşa evdə səyyar sosial xidmət göstərilib. Həmin vətəndaşlardan 8575 nəfəri evdə sosial-məişət xidməti, 39 nəfərə isə sosial-hüquqi xidmətlə təmin olunub. Dövr ərzində 6756 nəfəri qadın, 1819 nəfəri kişi olmaqla ümumilikdə 8575 nəfər vətəndaşa evdə sosial-məişət xidməti göstərilib.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentlikdə 2021-ci ilin 6 ayının yekunlarına və postmüharibə dövründə sosial xidmətlərə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, iyun ayından pilot olaraq Bakının Səbail və Yasamal rayonlarında sağlamlıq imkanları məhdud 6 yaşadək uşaqlar üçün başladılan səyyar sosial reabilitasiya xidmətlərinə 18 uşaq cəlb olunub. Bu xidmətin effektivliyi müşahidə edildiyindən prosesin Bakının digər rayonlarını və bölgələri də əhatə etməsi üçün işlərə başlanıb.
Agentlik sədri qeyd edib ki, əlilliyi olan gənclər üçün regionlarda peşə-əmək reabilitasiyası mərkəzlərinin qurulması, bu istiqamətdə onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi üzrə təklif hazırlanıb və aidiyyəti üzrə təqdim olunub. Layihənin Şəki və Quba rayonlarında həyata keçirilməsi ilə bağlı artıq ilkin işlərə başlanıb.
“Bu ilin ilk yarımilində 179 imtiyazlı şəxs sanator-kurort mərkəzlərinə yollayışla təmin olunaraq həmin mərkəzlərə yola salınıb, effektiv fizioterapevtik və digər vacib prosedurlara cəlb olunublar. Gələn ayın əvvəllərində isə daha 71 nəfər Naxçıvan Muxtar Respublikasındakı sanatoriya-kurort və müalicə mərkəzlərinə göndəriləcək”, - deyə V.Behbudov diqqətə çatdırıb.