Altı ayadək bağlanılmış əmək müqavilələrində sınaq müddəti ən çoxu iki həftə müəyyən ediləcək
Bakı, 12 sentyabr, AZƏRTAC
Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında” Qanunda dəyişikliklər edilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sentyabrın 12-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Azərbaycan Respublikasının Əmək Məcəlləsində təsbit edilməsi nəzərdə tutulmuş dəyişikliklər 2022-ci il avqustun 25-də təsdiq edilmiş “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”ndə işçilərin sınaq müddətinin tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Belə ki, qanun layihəsində Məcəllənin 51-ci maddəsinin 1-ci hissəsinə əsasən, 52-ci maddədə göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Layihənin qəbul edilməsi nəticəsində qısa müddətə, yəni, 6 ayadək bağlanılmış əmək müqavilələrində sınaq müddəti ən çoxu iki həftə müəyyən ediləcək. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanuna edilmiş 2022-ci il 8 iyul tarixli dəyişikliyə əsasən Qanunda istifadə olunan anlayışların təkrara yol verilməsinin qarşısının alınması, məzmunun konkretləşdirilməsi məqsədilə müvafiq maddə yeni redaksiyada verilmiş və dövlət sosial sığorta sistemində fərdi uçot, fərdi şəxsi hesab, sosial sığorta nömrəsi (SSN) kimi əsas anlayışlar əlavə edilib.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı və 1.0.7-ci maddələrində də “fərdi uçot” və “fərdi hesab” kimi anlayışlar mövcuddur. Məhz, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunda edilmiş dəyişiklikdən irəli gələrək anlayışlara verilən açıqlamanın vahidləşdirilməsi baxımından uyğunlaşma çərçivəsində “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda qeyd olunan maddələrinə müvafiq dəyişikliyin edilməsi zərurəti yaranıb.
Eyni zamanda, layihədə “Əmək pensiyaları haqqında” Qanunun mətni üzrə müvafiq maddələrə “fərdi” sözündən sonra “şəxsi” sözünün, habelə 1.0.16-cı maddənin birinci cümləsinə “fərdi uçot” sözlərindən əvvəl “dövlət sosial sığorta sistemində” sözləri əlavə edilməsi təklif edilir.