İQTİSADİYYAT
ALTI YENİ LAYİHƏ TƏSDİQ EDİLMİŞDİR
Ölkənin bələdiyyələrinə məsləhətçi köməyi göstərən İFES beynəlxalq təşkilatı Azərbaycanda icmaların inkişafına yönəldilmiş layihələr üzrə bir qrup vətəndaşa və bələdiyyə üzvlərinə maliyyə yardımı edilməsinə dair 6 yeni layihəni təsdiqləmişdir.
İFES-dən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, həmin layihələr bu məqsədlər üçün ayrılan mikroqrantlar proqramının birinci mərhələsidir. Onların məbləği 500 dollardır. Bu mikroqrantlar “Babadağ” futbol klubuna, Mingəçevir Gənclər Cəmiyyətinə, gənclərin təhsil mərkəzlərinə və başqa təşkilatlara verilmişdir.
2003-cü ildə İFES doqquz bələdiyyəni cəlb etməklə, proqramın 2-ci mərhələsinə başlamağı nəzərdə tutmuşdur. Burada qrantların məbləği dörd dəfə artacaq və 2 min dollar olacaqdır. Bütün bu vəsait bələdiyyə üzvlərinin hüquq və təhsil səviyyəsinin yüksəldilməsinə yönəldiləcəkdir.