Amerikalı basketbolçu: Azərbaycan millisində oynamaq mənim üçün şərəf olar - MÜSAHİBƏ
Bakı, 19 yanvar, AZƏRTAC
“Neftçi”nin ABŞ-dan olan basketbolçusu Toraje Breyk AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- Azərbaycan Basketbol Liqasının 11-ci turunda “Neftçi” "Cəlilabad"a qalib gəldi. Oyunun ən məhsuldar oyunçusu da məhz siz oldunuz. Bu nəticədən sonra həm özünüzün, həm komandanızın çıxışını necə dəyərləndirərdiniz?
- Açığı, mən öz çıxışımdan razı qalmadım. Bəzi epizodlarda topu səbətə istədiyim kimi ata bilmədim. Komanda olaraq da çox ləng olduğumuz hiss edilirdi. Amma xoşbəxtlikdən oyunun sonlarına yaxın özümüzü toparladıq və qalib gəldik.
- “Neftçi”dən öncə İslandiyanın "Tor", ABŞ-ın "Ridinq" klublarının formasını geyinmisiniz. ABŞ basketbolunun səviyyəsi hamıya bəllidir. İslandiya və Azərbaycan basketbolu arasında nə kimi fərqlər var?
- Azərbaycanda basketbol o qədər də inkişaf etməyib. Fikrimcə, əsas fərq hakimlərin matçı idarə etmə formalarıdır.

- ABŞ basketbolun ən çox inkişaf etdiyi ölkədir. Bu mənada, Azərbaycan çempionatına gələrkən tərəddüd etmədiniz?
- Xeyr. Əksinə, bu, mənim üçün yaxşı fürsət oldu. Ölkə xaricində özümü tanıtmaq və təcrübə qazanmaq qarşıma qoyduğum əsas hədəf idi. Düşündüm ki, başqa yerlərdə də basketbol həyatı yaşamaq istəyirəm. Ona görə də xəyallarımı gerçəkləşdirmək üçün “Neftçi”dən gələn təklifə razılıq verdim.
- Komandada sizdən başqa, üç ABŞ basketbolçusu var. “Neftçi”yə keçmədən öncə burada tanıdığınız və ya dostluq etdiyiniz oyunçu var idi?
- Buraya gələndə öz həmyerlilərim də daxil olmaqla, heç kimi tanımırdım. Ancaq komandaya qoşulduqdan sonra onlarla görüşüb tanış oldum.
- Mövsümün əvvəlindən Bakıdasınız. Burada ən çox hansı məşğuliyyətdən zövq alırsınız?
- Şəhərin mərkəzini çox bəyənirəm. Həmçinin, Bakıda bir çox gözəl mənzərəli restoranlar var.

- Yəqin ki, ABŞ və Azərbaycandakı həyat tərziniz bir-birindən kəskin fərqlənir. Buraya uyğunlaşa bilmisiniz?
- Bəli, qəbul edirəm ki, burada ABŞ-da olduğundan daha fərqli həyat yaşayıram. Amma Azərbaycan mədəniyyətini öyrənirəm. Çalışıram ki, buraya öyrəşim.
- Azərbaycana gəlmədən öncə buradakı çempionatın səviyyəsi ilə maraqlanmışdınız?
- Xeyr, “Neftçi”dən təklif alanadək Azərbaycan basketbolu haqqında, demək olar ki, heç nə bilmirdim.
- Azərbaycan millisində oynamaq təklifi alsanız, buna reaksiyanız necə olar?
- Azərbaycan millisindən təklif gəlsə, mütləq qəbul edərəm. Belə bir hal baş versə, dəyərləndirməyi çox istərdim. Yığmada oynamaq mənim üçün böyük təcrübə və şərəf olar.
- Növbəti mövsümdə də “Neftçi”də qalmağı düşünürsünüz?
- Müqaviləm may ayına qədərdir, ona görə də hazırda başqa kluba keçə bilmərəm. Növbəti mövsüm üçün klubumla müqavilə şərtlərində anlaşsaq, mütləq burada qalacağam.

- Hazırda başqa təklifləriniz var?
- Xeyr, qış fasiləsində təklif almamışam. Lakin bir komanda payızda mənə yaxşı şərtlərlə müraciət etdi. onlara “yox” cavabı verdim. Çünki həmin klub Cənubi Amerika təmsilçisi idi. Bunu özüm üçün uyğun variant hesab etmədim. Hazırda “Neftçi”dəyəm. Buna baxmayaraq mövsümün sonunda alacağım təklifləri dəyərləndirmək barədə düşünəcəyəm.
- “Neftçi” hazırda 18 xalla turnir cədvəlində dördüncüdür. Komandanız lider “Sabah”dan cəmi 1 xal geri qalır. Sizcə, pley-offa vəsiqə qazanmaq mümkün olacaq?
- İnanıram ki, biz bunu bacara bilərik. Vəsiqəni təmin etmək üçün əsl komanda kimi oynamalı və sağlamlığımıza xüsusi diqqət etməliyik. İstədiyimiz kimi oynaya bilsək, bu liqada istənilən komanda ilə rəqabət aparmaq mümkündür. Arxayınlaşacağımız halda isə bizi məğlub edə biləcək potensiala malik bir çox iddialı komanda var. Ona görə də hər oyunda mübarizəyə hazır olmalıyıq.