DÜNYA
Amerikalılar əsas bayramlarını necə qeyd edirlər?
![Amerikalılar əsas bayramlarını necə qeyd edirlər?](/files/2023/2/1200x630/16884777653186420603_1200x630.jpg)
Bakı, 4 iyul, AZƏRTAC
İyulun 4-də amerikalılar əsas bayramlarını ənənəvi paradlar, pikniklər, soyuq pivə və təbii ki, atəşfəşanlıqla qeyd edirlər.
Pirotexnika bu bayramı xüsusilə təhlükəli edir. Adətən, bu səbəbdən 10 mindən çox insan təcili yardım bölmələrinə düşür. Bu barədə AZƏRTAC “Amerikanın səsi” saytına istinadla xəbər verir.
Buna baxmayaraq, atəşfəşanlıq 247 il bundan əvvəl baş verən hadisələrə əsaslanan Müstəqillik Gününün əsasını təşkil edir.
1776-cı il iyulun 4-də İkinci Kontinental Konqres Şimali Amerika koloniyalarının Böyük Britaniyadan ayrılmasını bəyan edən Müstəqillik Bəyannaməsini yekdilliklə qəbul edib.
Pirotexnik şoular lap başlanğıcdan qurucu lider Con Adamsın əvvəlcədən təyin etdiyi kimi, Müstəqillik Gününün qeyd edilməsinin mühüm hissəsi olub.
Adams həyat yoldaşı Ebiqeyla ünvanlandığı 3 iyul 1776-cı il tarixli məktubda yazıb ki, Amerikanın müstəqilliyi “bu andan və həmişəlik bu qitənin bir tərəfindən digər tərəfinə qədər təntənəli şəkildə paradlar, tamaşalar, oyunlar, idman yarışları, silah yaylımları, zənglər, tonqallar və çıraqbanlıqla qeyd olunmalıdır”.
Bununla belə, Adams 4 iyul - ölkənin təşəkkülü gününü qeyd etməkdən imtina edən yeganə ABŞ prezidenti olub. Nəyə görə? Ona görə ki, o, 2 iyul tarixini həqiqi Müstəqillik Günü hesab edirdi, çünki məhz 1776-cı il iyulun 2-də Kontinental Konqres Müstəqillik Bəyannaməsinə səs verib, hərçənd bu sənəd iki gün sonra qəbul olunub.
Adams o qədər israrlı olub ki, hətta ölkənin ikinci prezidenti olaraq, şənliklərə və digər tədbirlərə dəvətləri rədd edib.
Tale elə gətirib ki, Adams və Müstəqillik Bəyannaməsinin əsas müəllifi olan Tomas Cefferson sənədin rəsmi qəbul edilməsi gününün 50-ci ildönümündə - 1826-cı il iyulun 4-də vəfat ediblər.
Amerika Pirotexnika Assosiasiyasına görə, 2000-ci ildə amerikalı istehlakçılar atəşfəşanlığa 407 milyon dollar sərf ediblər. 2022-ci ilə qədər bu rəqəm 2,3 milyard dollara çatıb.