AMERİKALILAR PÖRL HARBORA HÜCUMUN İLDÖNÜMÜNÜ QEYD EDİR
1941-ci ilin sakit dekabr səhərində, bazar günü saat 8-də Mirvari Limandakı Amerika dəniz qüvvələri gözlənilmədən yaponlar tərəfindən bombardman edilmişdir. Yaponiya təyyarələrinin 45 dəqiqə çəkən iki dağıdıcı hücumu 2500 nəfər amerikalının həyatına son qoymuşdur. Onların yarısından çoxu ilk 15 dəqiqə ərzində “Arizona”, “Oklahoma” və “Yuta” hərbi gəmilərinin bombardmanı nəticəsində həlak olmuşdur. Yaponlar hücuma hərtərəfli hazırlaşmışdılar. Onlar bilirdilər ki, bazar günü səhər ABŞ hərbi gəmiləri limanda dayanacaq, dənizçilər döyüş hazırlığı vəziyyətində olmayacaqlar. Yapon təyyarəçiləri Mirvari Limanın xəritə və modellərini əzbər öyrənmişdilər. Həmin səhər havaya 189 yapon qırıcısı və bombardmançısı qalxmışdı. Hər atılan bomba hədəfə dəyirdi. Məqsəd Sakit okeanda Amerikanın gücünü zəiflətmək, Yaponiyanın Cənubi Asiyadakı işğal planlarına maneəni aradan qaldırmaq idi.
ABŞ ordusunun professoru Pol Fassel baş verənləri belə qiymətləndirir: “Yaponlar ABŞ-ı Mirvari Limanda biabır etdilər. Onlar bizim tam hazırlıqsız olduğumuzu göstərdilər, bizi bütun dünya qarşısınnda utandırdılar”.
Mirvari Limandakı hadisələr Prezident Franklin Ruzveltə İkinci Dünya müharibəsində çətinliklə saxladığı bitərəfliyi pozmaq üçün yol açdı. Dekabrın 8-də o, xalqa müraciətində bəyan etdi: “Bu qəsdli hücumdan sonra özümüzə nə qədər gələcəyimizdən asılı olmayaraq, Amerika xalqı tam qələbəyə doğru vuruşacaqdır”.
Müharibə zamanı Almaniyadan qaçan atomçu alimlər əvvəl Böyük Britaniyada, sonra isə Amerikada sığınacaq tapmışdılar. ABŞ ordusu onları bir araya gətirib Meksika dağlarında atom bombası yaratmaq üçün “Manhetten” adlı gizli layihə hazırlayırdı. Faşistlərə qarşı silah kimi nəzərdə tutulan atom bombası 1945-ci ilin yazında, demək olar ki, hazır idi. Almanlar mayın 8-də təslim olanda artıq aydın idi ki, kütləvi qırğın silahı Amerikanın digər əsas düşməni Yaponiyaya qarşı yönəldiləcəkdir.
Lakin Amerikanı müharibəyə qatan və gizli atom bombası layihəsinə icazə verən Prezident Franklin Ruzvelt hadisələrin dönüş nöqtəsində, infarktdan vəfat etdi. Ağ evə onun vitse-prezidenti Harri Trumen keçdi. Trumenin gizli atom layihəsindən xəbəri yox idi. Ona məlumatı Ruzveltin ölümündən iki həftə sonra açıqladılar. Tarixçilərin yazdığına görə, Trumen ABŞ-ın dağıdıcı silahının qüvvəsini əvvəlcə yaxşı anlamamışdı. Vaxtilə topçu olan Trumen atom silahını, sadəcə, çox böyük bomba kimi təsəvvür edirdi. Lakin ətraflı izahatdan sonra Prezident Amerikanın nəyə malik olduğunu başa düşdü. Sovet İttifaqı faşistləri məğlub etdikdən sonra Harri Trumen çıxışında demişdi: “Qərbdə əldə edilən qələbə indi Şərqdə əldə olunmalıdır”.
Şərqdə Yaponiya Böyük Britaniya və Amerika qüvvələri tərəfindən mühasirədə idi. Lakin yapon əsgərləri amansızcasına döyüşürdülər. Prezident Trumenin dəniz qüvvələri üzrə müşaviri Corc Elsi xatırlayır: “Yaponların nəinki əsgərləri, hətta mülki şəxsləri də döyüşə hazır idilər. Onları bambuk çubuqlarını itiləyib amerikalı əsgərləri öldürməyə öyrədirdilər. Həyatlarını qurban verməkdən qorxmurdular. Yaponiya imperatoru naminə hər şeyə hazır idilər”.
ABŞ-da Yaponiya əleyhinə təbliğat gündən-günə artır, imperator Hirohitonun adı Hitler və Mussolini ilə yanaşı çəkilirdi. Hamıya aşılanırdı ki, Mirvari Limanda bir neçə saat ərzində 2500 nəfəri qətlə yetirən yaponlar ABŞ-ı zəbt etsələr faciə ağlasığmaz olacaqdır.
Bu arada Yaponiya hökuməti real vəziyyəti anlamağa başlamışdı. Mühasirəyə alınan ölkədə aclıq baş qaldırırdı. Lakin ABŞ-a birbaşa sülh təklifi etmək samuray qürurlu Yaponiya ordusu üçün xəyanət demək idi. Tokio Birləşmiş Ştatlarla sülh bağlamaq üçün Moskvanın vasitəçiliyini axtardı.
Ancaq Tokionun Moskvadakı səfirliyinə ötürdüyü şifrəli teleqram Amerika kəşfiyyatçılarının əlinə keçmişdi. Vaşinqton Yaponiyanın sülh istəyindən agah idi. Prezident Trumenə digər şad xəbər Los-Alamosdan gəldi: atom bombasının sınağı uğurlu olmuşdu. Harri Trumen Yaponiyanın sülh istəyini Amerika xalqından gizli saxladı. Xalqa yaponların ABŞ əsirləri ilə qəddarcasına rəftarından danışılırdı. Potsdam konfransına yola düşən Trumendə rüh yüksəkliyi var idi. Onun müşaviri Corc Esli xatırlayır: “Atom bombası sınaqlarının uğurlu keçdiyini eşidən Harri Trumen çox məmnun qalmışdı. Çünki elə bilirdi ki, müharibəni tez bir zamanda yekunlaşdıracaq, neçə-neçə amerikalının və yaponun həyatını xilas edəcəkdir”.
İosif Stalin Prezident Trumenə Yaponiyanın sülh istəyini çatdıranda o, prezidenti SSRİ-yə bu işə qatışmamağı məsləhət gördü. Çünki anlayırdı ki, atom bombası ilə Amerika müharibəni öz şərtlərinə əsasən bitirə biləcək, ABŞ müharibədən yenicə qurtulan dünyaya istədiyini diqtə edəcəkdir. Beləliklə, Potsdam konfransında Prezident Trumen atom bombasından istifadə niyyətində qətiləşdi.
1945-ci il avqustun 6-da səhər saat 9-da Birləşmiş Ştatlar 4 il əvvəl Yaponiyanın etdiyi kimi, gözlənilmədən dünyanın ilk atom bombasını Xirosima şəhərinə atdı. Nəticədə 130 min nəfər dərhal həlak oldu. Eksperimentin uğurlu alındığını görən ABŞ üç gün sonra ikinci atom bombasını Naqasaki şəhərinə atdı. 70 min nəfər yanıb külə döndü.
Prezident Trumen Amerika xalqına müraciətində demişdir: “Tarixin ən böyük elmi qumarına 2 milyon dollardan artıq pul sərf etdik və biz udduq”.
Mirvari Limana hücumun yaratdığı qisas hissi ABŞ tarixinin xəcalət doğuran səhifələrini yazmışdır. 11 sentyabr hadisələri ilə oxşarlıq görənləri ehtiyatlandıran da elə budur: Görəsən, terror aktlarına cavab olaraq, qlobal müharibəyə başlayan ABŞ gələcək nəsillər qarşısında yenə də utanmayacaq ki?