Ana dilimiz ən böyük mənəvi sərvətimizdir
Beyləqan, 1 avqust, AZƏRTAC
Mil-Muğan Regional Mədəniyyət İdarəsi Beyləqan rayon nümayəndəliyinin tabeçiliyində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının nümayəndələrinin, Ağsaqqallar Şurasının üzvlərinin, Respublika fənn olimpiadasının gümüş medalçılarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirak etdiyi tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində tarixi xidmətlərindən, Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına hər zaman böyük qayğı ilə yanaşmasından geniş bəhs ediblər. Bildirilib ki, Ana dilimiz ən böyük mənəvi sərvətimizdir. Ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək və onu dərindən öyrənmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Tədbirdə məktəblilər Ana dilinə həsr olunmuş şeirlər söyləyiblər.
Sonda Azərbaycan dili və ədəbiyyat fənni üzrə Respublika fənn olimpiadasının gümüş medalçılarına diplom və təşəkkürnamə təqdim edilib.