ANALARIN MÜHAFİZƏSİ MƏSƏLƏLƏRİ SƏHİYYƏ NAZİRLİYİNİN DİQQƏT MƏRKƏZİNDƏDİR
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, tibb elmləri doktoru İzzət Şamxalova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, ölkəmiz müstəqilliyə qovuşduqdan sonra milli təbabətin əldə etdiyi uğurlar bütünlüklə ümummilli liderimiz Prezident Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycana rəhbərlik etdiyi bütün dövr ərzində əhalinin sağlamlığı problemlərinə, səhiyyənin inkişafına daim diqqət yetirirdi. Tibb işçiləri bir çox yoluxucu xəstəliklərin epidemiyasını ləğv etməyə müvəffəq olmuşlar, poliomielit xəstəliyinin kökü tamamilə kəsilmişdir, ölkədə ən müasir avadanlıqla təhciz edilmiş tibb müəssisələri açılmışdır.
İ.Şamxalova Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” ilə əlaqədar səhiyyə işçiləri qarşısında duran vəzifələrdən danışaraq demişdir ki, institutun əməkdaşları qaçqınların və məcburi köçkünlərin ən çox məskunlaşdığı bölgələrə gedib kompleks müayinələr aparır, yerli mütəxəssislərə məsləhətlər verir, ən ağır xəstələri isə Bakıdakı stasionarlara göndərirlər.
Səhiyyə nazirliyi bu istiqamətdə böyük iş görür. Məsələn, 25 rayonda reproduktiv sağlamlığın mühafizəsi mərkəzləri açılmışdır. Onlar BMT-nin Əhali Fondunun və Səhiyyə Nazirliyinin vəsaiti hesabına tikilmiş və avadanlıqla təchiz edilmişdir. İlin sonunadək bu mərkəzlərin sayı 30-a çatdırılacaqdır. Burada tibbi xidmətlər pulsuzdur.
İnstitutda tibbi-plofilaktiki işlə yanaşı, tibb elminin aktual problemlərinə dair elmi tədqiqatlar da aparılır, həkimlər üçün metodik vəsaitlər hazırlanır.