Analitik: Bakı Forumu qlobal müzakirələrin yüksək səviyyədə keçirilməsi baxımından önəmli platformadır
Bakı, 14 mart, AZƏRTAC
Bir çox forumlar qlobal adlandırılsa da, əslində, həmin tədbirlərə əsasən yaxın çevrədən insanlar dəvət edilir. Lakin Bakı Forumu bu baxımdan fərqlənir – burada Afrikanın Malavi kimi kiçik ölkələrindən, Cənubi və Mərkəzi Amerikadan, Uzaq Şərqdən, Asiyanın müxtəlif bölgələrindən nümayəndələrlə tanış olmaq mümkündür. Bu, qlobal müzakirə mühitinin formalaşması baxımından çox önəmlidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında XII Qlobal Bakı Forumu çərçivəsində Vaşinqtondan ölkəmizə gələn Yaxın Şərq İnstitutunun tədqiqatçısı Barın Kayaoğlu söyləyib.
Müstəqil analitik tədbirin formatı və müzakirələrin məzmunu barədə fikirlərini bölüşüb: “Forum yüksək akademik və intellektual səviyyədə keçirilir və fərqli ölkələrdən müxtəlif fikirlərə sahib alimlər, siyasətçilər və ziyalılar arasında sağlam dialoqa imkan yaradır. Panel müzakirələri zamanı hər kəs fikrini sərbəst şəkildə ifadə etdi. Buna baxmayaraq, heç kim bir-birinə hörmətsizlik etmədi, sərt ittihamlar irəli sürmədi. Panel iştirakçıları arasında İsrailin sabiq Baş naziri Ehud Olmert, keçmiş xarici işlər naziri Tsipi Livni və müxtəlif ərəb ölkələrindən tanınmış ziyalılar, alimlər və ictimai xadimlər var idi. Onların əksəriyyəti artıq müzakirə mədəniyyətini mənimsəmiş, konstruktiv dialoqa açıq şəxslər idi. Bu da müzakirələrin yüksək səviyyədə keçməsinə səbəb oldu”.
Müsahibimiz Bakı Qlobal Forumunun beynəlxalq xarakter daşıdığını və dünyanın dörd bir tərəfindən iştirakçıları cəlb etdiyini xüsusi qeyd edib: “Bu cür tədbirlər qısa müddətdə konkret siyasi və iqtisadi nəticələr doğurmasa belə, uzunmüddətli perspektivdə ciddi təsirlər yaradacaq. Bu forumlar bir ağacın kökləri kimi müxtəlif fikirləri bir-biri ilə bağlayır. Ancaq ağacın böyüməsi və bəhrə verməsi zaman tələb edir. İnsanların burada əldə etdikləri fikirlər zamanla onların siyasi, iqtisadi və sosial yanaşmalarına təsir göstərəcək və dünya nizamına töhfələr verəcək”.
B.Kayaoğlu tədbirin yüksək səviyyədə təşkil olunduğunu və gələcəkdə davam etdirilməsinin vacibliyini vurğulayaraq forumun təşkilatçılarına təşəkkürünü bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [19:23]
Baş katib: ATƏT minaların təmizlənməsində dəstək göstərməyə hazırdır VİDEO
- 25.04.2025 [19:15]
ATƏT Azərbaycan-Ermənistan sülh danışıqlarına dəstəyini ifadə etdi VİDEO
- 25.04.2025 [19:02]