Andrey Kudryaçenko: Heydər Əliyev Azərbaycan və Ukrayna arasındakı dostluq münasibətlərinin banisidir
Kiyev, 4 noyabr, AZƏRTAC
Heydər Əliyev Azərbaycan və Ukrayna arasındakı dostluq münasibətlərinin banisi, müasir Azərbaycanın memarıdır. Onun uğurlu xarici siyasəti nəticəsində Azərbaycan bir çox ölkələrlə yanaşı, Ukrayna ilə də strateji tərəfdaşdır.
Bu fikri AZƏRTAC-a açıqlamasında Ukrayna Milli Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Andrey Kudryaçenko söyləyib.
2002-ci ildə ilk dəfə Azərbaycanda olmasını və ulu öndər Heydər Əliyevlə görüşünü xoş xatirələrlə xatırladığını deyən A.Kudryaçenko bildirib ki, Heydər Əliyev yorulmaz fəaliyyəti ilə müdrik lider olduğunu sübut edib.
İnstitut direktoru vurğulayıb ki, Heydər Əliyev istər sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik etdiyi müddətdə, istərsə də SSRİ Nazirlər Kabinetində çalışdığı dövrdə xalqı, Vətəni üçün böyük işlər görüb.
O deyib: “Qanlı 20 Yanvar hadisələrindən dərhal sonra Heydər Əliyev həyatını riskə ataraq SSRİ rəhbərliyinə qarşı kəskin bəyanatla çıxış etdi. O dövr üçün bu, olduqca təhlükəli idi. Bununla da Heydər Əliyev Azərbaycan xalqının parlaq gələcəyi uğrunda mübarizəyə qalxdı. Azərbaycanda separatizm baş qaldırdığı dövrdə Heydər Əliyev öz biliyindən, təcrübəsindən istifadə edərək, dövlətin işıqlı gələcəyi üçün yorulmadan çalışdı”.
İnstitut direktoru bildirib ki, çox çətin geosiyasi vəziyyətdə “Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin misilsiz xidmətlərindən biridir.
“Məhz onun həyata keçirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər dəfə Azərbaycanda beynəlxalq konfranslarda iştirak edəndə, ölkənizin inkişafını əyani şəkildə görürəm”, - deyə Andrey Kudryaçenko bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev