ANKARADA AZƏRBAYCANIN MİLLİ BAYRAMI – RESPUBLİKA GÜNÜ QEYD OLUNMUŞDUR.
Türkiyə Baş nazirinin müavini və xarici işlər naziri Abdulla Gül xalqımızın milli bayramını təbrik etmiş, Azərbaycanın demokratiya və iqtisadi tərəqqi yolunda sürətli inkişafını və gənc dövlətimizin qısa tarixi mərhələdə böyük nailiyyətlər qazandığını vurğulamışdır. Türkiyənin hər zaman Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyini, bu siyasi xəttin dəyişməz qaldığını bildirmişdir.
Doğru Yol Partiyasının sədri, millət vəkili Məhməd Ağar bayram münasibəti ilə Azərbaycan xalqına səmimi təbriklərini çatdırmışdır. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin qurulmasında ümummilli liderimiz Prezident Heydər Əliyevin böyük əməyinin, xüsusi rolunun danılmaz olduğunu vurğulamışdır.
Türkiyə-Azərbaycan Dostluq və Əməkdaşlıq Vəqfinin sədri, dünya şöhrətli alim İhsan Doğramacı dəfələrlə Azərbaycana gəldiyini və hər səfərində ölkəmizin necə sürətlə inkişaf etdiyini, hər il yeni-yeni nəhəng iqtisadi, mədəni və idman kompleks və obyektlərinin istifadəyə verildiyinin əyani şahidi olduğunu söyləmiş, ölkəmizi reqionun parlayan ulduzu adlandırmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qısa zamanda dünya siyasət meydanında layiqli yer tutduğunu, xarici ölkələrin rəhbərlərinin hörmət və ehtiramını qazandığını əlamətdar hadisə kimi qıymətləndirmişdir.
Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev səmimi təbriklərə görə qonaqlara təşəkkürünü bildirmişdir.