Ankarada Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasının hüquqi imkanları müzakirə olunub
Ankara, 27 fevral, AZƏRTAC
Ankarada Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar konfrans keçirilib. Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyənin Vəkillər Kollegiyasının (TVK) birgə keçirdiyi tədbirdə iki ölkənin dövlət himnləri səsləndirilib. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AZƏRTAC xəbər verir ki, konfransın rəsmi hissəsində Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Türkiyənin Vəkillər Kollegiyasının sədri, professor Mətin Feyzioğlu Xocalı faciəsinin siyasi səbəbləri və dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması barədə görülən işlərdən danışıblar.
Konfransın panel hissəsində TVK-nin sədr müavini Hüseyn Özbək bildirib ki, ermənilər bu soyqırımını törətməklə XIX əsrin sonlarından başlayan daşnak terrorçuluğunun ötən əsrin sonunda da davam etdiyini ortaya qoyublar. Türkiyənin Vəkillər Kollegiyası bu faciənin dünya birliyinə, xüsusilə hüquq ictimaiyyətinə çatdırılması üçün səylərini səfərbər edəcək.
Ankara Universitetinin hüquq fakültəsinin dosenti Cavid Abdullahzadə diqqətə çatdırıb ki, Xocalı qırğınının soyqırımı aktı olması beynəlxalq hüquq tərəfindən qəbul edilməlidir. Bu qırğını törədən Ermənistan dövləti beynəlxalq hüquqa görə, məsuliyyət daşıyır. Dövlətlərin məsuliyyəti haqqında beynəlxalq müqavilə və insan haqları məhkəmələrinin qərarları da Xocalı faciəsini bir soyqırımı kimi qiymətləndirməyə əsas verir.
Xocalı soyqırımının XX əsrin insanlıq dramı olduğunu diqqətə çatdıran TVK-nin İnsan Haqları Komissiyasının üzvü Saidə Ekmən bu cinayətin səbəb və nəticələrindən danışıb. O deyib ki, soyqırımını təşkil edənlərin və törədənlərin beynəlxalq ədalət məhkəməsinə çıxarılması üçün sistemli şəkildə hüquqi iş aparılmasına ehtiyac var.
Çıxışlardan sonra Xocalı faciəsinin dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınmasına dair təkliflər irəli sürülüb, beynəlxalq hüququn imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara