ANKARANIN QAZİ UNİVERSİTETİNDƏ RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ BAYRAM TƏDBİRİ KEÇİRİLMİŞDİR
Qazi Universitetinin rektoru professor Rıza Ayhan tədbiri açaraq, dost və qardaş ölkələrimiz arasındakı tarixi əlaqələrə toxundu, bu əlaqələrin müasir vəziyyətini yüksək qıymətləndirdi. Türk dünyasının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin istər ölkələrimiz arasında müasir əlaqələrin qurulmasında, istər Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz əsas ixrac kəmərləri layihələrinin həyata keçirilməsində, istərsə də regionda sülhün və əmin-amanlığın yaradılmasında, Azərbaycanın demokratik və iqtisadi inkişafında əvəzsiz xidmətləri olduğunu vurğuladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu siyasi xətti layiqincə davam etdirdiyini söyləyən natiq, bundan böyük məmnuniyyət duyduğunu nəzərə çarpdırdı.
Tədbirdə çıxış edən Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Tofiq Abdullayev təntənəli tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirdi. Natiq ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətindən, Türkiyədə təhsil alan tələbələrimizin müvəffəqiyyətlərindən söhbət açdı, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə uğurlu rəsmi səfərinin ölkələrimiz arasında bütün sahələrdə mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yeni üfüqlər açdığını vurğuladı.
Rəsmi hissədən sonra tələbə özfəaliyyət kollektivlərinin hazırladıqları konsert proqramı nümayiş etdirildi.