Ankaranın Ulus rayonunda Xocalı qurbanlarının xatirəsi anılıb
Ankara, 27 fevral, AZƏRTAC
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Ankaranın Ulus rayonunun Gənclər Akademiyasının binasında erməni təcavüzü qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Türkiyə-Azərbaycan Assosiasiyası Federasiyasının, ölkəmizin Ankaradakı səfirliyinin, Türkiyə Siyasi və Strateji Araşdırmalar Fondunun (TÜRPAV), Azaflı Sosial Dəstək və Mədəniyyət Cəmiyyətinin və “Ankara-Bakı” cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbir iştirakçıları olan Türkiyənin müxtəlif siyasi partiyalarının nümayəndələri, diplomat və alimlər Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasının vacibliyini vurğulayaraq, 1992-ci il 26 fevral hadisələrini XX əsrin ən qanlı səhifələrindən biri adlandırıblar. İştirakçılar Xocalı da daxil olmaqla, işğal altında qalmış bütün Azərbaycan torpaqlarının azad edilməsindən məmnun olduqlarını bildiriblər.
Tədbir çərçivəsində Türkiyənin bir sıra aparıcı universitetlərinin iştirakı ilə panel müzakirələr keçirilib.
“Ermənilərin Xocalıda törətdikləri qanlı cinayətlər sənədləşdirilib. Əbədiyaşar cinayət olan Xocalı soyqırımını unutmağa imkan verməyəcəyik”, - deyə Sütçü İmam Universitetinin (Kahramanmaraş) professoru Toğrul İsmayıl çıxışında bildirib. O, tədbir iştirakçılarına ermənilərin Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri vəhşilikləri barədə məlumat verib.
Ankara Universitetinin professoru Cavid Abdullazadə qeyd edib ki, Xocalı faciəsi Qərbin ikili standartlarının da şahidi olub. Belə ki, burada insan hüquqlarının pozulması, etnik təmizləmə və soyqırımı açıq şəkildə gözardı edilir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara