APRELİN 1-DƏN SƏHİYYƏ NAZİRLİYİ QURUMLARINDA PULLU XİDMƏTLƏR LƏĞV EDİLƏCƏK
Nazir Əli İnsanov məruzəsində bildirmişdir ki, 2004-2008-ci illərdə səhiyyənin inkişafına dair dövlət proqramı hazırlanmışdır. Prezident İlham Əliyev səhiyyənin ehtiyaclarına maliyyə vəsaiti ayrılması haqqında Sərəncam vermişdir. Bu yaxınlarda xaricdən 200 təcili tibbi yardım maşını alınıb, gətiriləcəkdir. Ayrılmış vəsaitə 16 hemodializ aparatı alınacaq
və akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yeni mərkəzlərində, Gəncədə, Naxçıvanda qurulacaqdır.
Nazir pullu tibbi xidmətlərdən əldə edilmiş vəsait hesabına 300-dən çox tibb müəssisəsinin yenidən qurulduğunu da vurğulamışdır. Avropa Birliyinin təcili yardım proqramı xətti ilə 500 milyon avro məbləğində vəsait hesabına hazırda 10 xəstəxana, elmi tədqiqat institutlarının korpusları, milli onkologiya mərkəzi yenidən qurulur. Bundan əlavə, Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəydə reproduktiv mərkəzlərin açılması da nəzərdə tutulmuşdur.
Bu ilin mayında nazirlikdə tibb işçilərinin 2 mərhələdə attestasiyası və sertifikatlaşdırılması keçiriləcəkdir. Birinci mərhələdə tibb işçisi barədə məlumat toplanacaq, işlədiyi tibb müəssisəsindəki fəaliyyəti dəyərləndiriləcək, ikinci mərhələdə isə test imtahanları olacaqdır. Müalicə səviyyəsi müasir tələblərə cavab verməyən özəl klinikaların heyətinin sertifikatlaşdırılmasına xüsusi diqqət yetiriləcəkdir. Birinci növbədə ftiziatrlar və pulmonoloqlar attestasiyadan keçəcəklər.
Kollegiyanın qərarı ilə bir sıra tibb müəssisələrinin rəhbərləri vəzifələrindən azad olunmuş, bəziləri inzibati qaydada cəzalandırılmışdır.