REGİONLAR
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Hacıqabulda vətəndaşları qəbul edib
Bakı, 19 fevral, AZƏRTAC
Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev fevralın 19-da Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Hacıqabul və Ağsu rayonlarından, həmçinin Şirvan şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən güzəştli şərtlərlə kreditlərin verilməsi, heyvandarlıq təsərrüfatının inkişafı üçün güzəştlər, güzəştli şərtlərlə texnika alışı, əkin subsidiyası və digər məsələlərlə bağlı olub. AKİA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Seymur Mövlayev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Vətəndaş qəbulu başa çatdıqdan sonra yerli təsərrüfatlara baxış keçirilib.
Qarasu kəndində fermer Qabil Abdullayevə məxsus heyvandarlıq təsərrüfatında iribuynuzlu mal-qara, həmçinin əkin sahələrinin vəziyyəti ilə tanış olan Agentliyin sədri fermerin ehtiyacları ilə maraqlanıb, ona dövlət tərəfindən göstərilə biləcək dəstəklər barədə məlumat verib.
Daha sonra Seymur Mövlayev Muğan kəndində Aberdin-anqus heyvandarlıq təsərrüfatının fəaliyyəti ilə yaxından tanış olub, əlavə dövlət dəstəklərindən danışıb.