AQRAR SAHƏDƏ AZƏRBAYCAN-TÜRKİYƏ ƏLAQƏLƏRİ DAHA DA GENİŞLƏNİR
Nazir İ.Abasov təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini xüsusilə vurğulamış və Türkiyənin hər zaman Azərbaycana dəstək olduğunu söyləmişdir.
Nazir birdirmişdir ki, ölkələrimiz arasında aqrar sahədəki əməkdaşlıq bu gün də uğurla davam etdirilir və bir çox məsələlər öz müsbət həllini tapmışdır.
Məsələn, ötən il Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcraiyyə Komitəsinin Bakıda keçirilən növbəti iclasında respublikamızda toxumçuluğun sertifikatlaşdırılması sisteminin yaradılması, sertifikatlaşdırma laboratoriyasının qurulması, Quba-Xaçmaz bölgəsində tərəvəz toxumçuluğunun inkişaf etdirilməsi, heyvandarlıqda damazlıq işi, süni mayalandırma sahəsində əməkdaşlıq, baytarlıq xidmətinə vaksin yardımı, təcrübə və mütəxəssis mübadiləsi, həmçinin digər mühüm sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur. Növbəti beşinci iclasının bu il Türkiyədə keçirilməsi barədə razılıq əldə olunmuşdur. Nazir hazırda FAO/TİKA/İslam İnkişaf Bankının birgə missiyasının respublikamızda səfərdə olduğunu və onların ərzaq təhlükəsizliyi üçün Milli Proqramın hazırlanmasında iştirak etdiyini diqqətə çatdırmışdır. Nazir birdirmişdir ki, Azərbaycanda Türkiyə kapitalı ilə 450-yə yaxın şirkət və firma fəaliyyət göstərir. Türkiyə iş adamları Azərbaycanın kənd təsərrüfatına sərmayə qoyuluşunu artırsalar, bu, hər iki tərəf üçün faydalı olar. Əməkdaşlığımızın genişləndirilməsi aqrar sənaye kompleksinin gələcək inkişafında mühüm rol oynayacaqdır.
Səfir Turan Moralı Türkiyənin Azərbaycandakı səfirliyinə yeni təyin olunmuş müşaviri nazirə təqdim etmiş və aqrar sahədə Azərbaycan-Türkiyə elmi-texniki əməkdaşlığının inkişaf etdirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparmış, qardaş ölkələrin əlaqələrinin dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.