Aqrar Universitetdə Novruz şənliyi keçirilib VİDEO
Gəncə, 14 mart, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Novruz bayramı münasibətilə şənlik keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.
Çıxış edən universitetin rektoru Zəfər Qurbanov xalqımızın qədim və əziz bayramı Novruz münasibətilə tədbir iştirakçılarını təbrik edərək, onlara xoş arzularını çatdırıb. Rektor Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbə nəticəsində erməni işğalından azad olunan Qarabağda Novruz bayramının qeyd edilməsinin böyük mənəvi əhəmiyyətinə də toxunub.
Daha sonra Novruz bayramına həsr olunan bədii musiqili proqram başlayıb. Musiqili proqramda rəqslər ifa olunub, səhnəciklər nümayiş etdirilib. Kosa ilə Keçəlin gəlişi isə tədbirə xüsusi rəng qatıb.
Sonda ADAU-nun Vətən müharibəsi iştirakçısı və qazi tələbələri ilə birgə Novruz tonqalı alovlandırılıb.