“Aqroservis” ASC taxıl biçininə hazırlıqla bağlı daha 163 mexanizatora ödənişsiz təlimlərə başlayır







Bakı, 14 mart, AZƏRTAC
“Aqroservis” ASC mart ayından cari ildə taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirən mexanizatorlara təlimlərə başlayır. Təlimlər ASC-nin Yevlax təlim-tədris mərkəzində və Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həyata keçiriləcək. Martın 10-dan etibarən başlayan təlimlər müxtəlif markalar üzrə keçirilməklə may ayına kimi davam edəcək. Təlimlərə ümumilikdə 163 mexanizator cəlb ediləcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, təlimlərin keçirilməsində əsas məqsəd cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi, texnikaların mexanizatorlar tərəfindən düzgün idarə edilməsinə nail olmaq, onların kombaynlara düzgün texniki xidmətin göstərilməsi, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı bilik və bacarıqlarını artırmaqdır.
Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və “Aqroservis” ASC-nin müəllim heyəti tərəfindən video görüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunur. Mexanizatorlara kombaynın idarə edilməsi, təmir işlərinin aparılma qaydaları əyani nümayiş etdirilir. Təlimdən sonra imtahandan keçən hər bir mexanizatora (operatora) sertifikat təqdim olunur.
Qeyd edək ki, sertifikatı olmayan mexanizatorlarla “Aqroservis” ASC tərəfindən operativ lizinq müqaviləsi bağlanılmayacaq.