AQTA-da şənlik mərasimlərinin keçiriləcəyi məkanların sahibləri ilə görüş
Bakı, 29 iyun, AZƏRTAC
Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il iyulun 1-dən müəyyən olunmuş tələblərə riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir. Şənlik mərasimlərinin keçirildiyi məkanlarda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları ilə həmin məkanların məsul şəxsləri arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə şənlik mərasimlərinin keçiriləcəyi məkanların məsul şəxsləri iştirak edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş iştirakçılarına bildirilib ki, şənlik mərasiminə gələn qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə yoluxma təsirlərin minimuma endirilməsi üçün məsul şəxslər tərəfindən operativ nəzarəti mütəmadi qaydada həyata keçirilməlidir. Qeyd edilib ki, şənlik mərasimində xidmət göstərən işçi heyətin tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.
İclasda şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalanmasının vacibliyi vurğulanıb. Eyni zamanda, müəyyən olunmuş tələblərin pozulması hallarına görə məkan və şənlik sahibinin birgə cavabdehlik daşıması iclas iştirakçılarının nəzərinə çatdırılıb. Qeyd olunub ki, AQTA əməkdaşları tərəfindən portalda müvafiq icazələrin alınıb-alınmaması, işçi heyətin tibbi maska, əlcək və s. qoruyucu vasitələrdən düzgün istifadəsi, müəssisədə çalışan şəxslərin 80 faizində “COVID-19 vaksin sertifikatı” və ya “COVID-19 immunitet sertifikatı”nın mövcudluğu, eyni zamanda, sıxlıq normaları və adambaşına düşən məsafə kimi məsələlərə nəzarət olunacaq.
Görüşdə tədbir iştirakçılarının sualları cavablandırılıb və şənlik mərasimlərinin keçirilməsi ilə əlaqədar Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş tələblərə sözsüz əməl olunmasının vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.