CƏMİYYƏT
AQUPDK-nın illik məlumatı parlamentdə müzakirə olundu
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Hicran Hüseynova gündəliyə bir məsələnin - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatının müzakirəsinin daxil edildiyini bildirib.
İllik hesabatın qanunvericiliyə uyğun hazırlandığını qeyd edən H.Hüseynova deyib: “Sənəddən də göründüyü kimi, ölkədə gender bərabərliyinin təmin edilməsi sahəsində müsbət dinamika var. Əvvəlki illərə nisbətən qərar qəbul etmədə qadınların iştirakçılığının artması müşahidə olunur. Artıq qadınlar ənənəvi “qadın peşələri” ilə yanaşı, digər sahələrdə də aktiv fəaliyyət göstərirlər. Həmçinin qadınlar müxtəlif fəaliyyət sahələri üzrə assosiasiyalar yaradırlar, eyni zamanda, qarşılarına çıxan çətinlikləri, onları narahat edən məsələləri hüquqi şəkildə irəli sürərək təkliflər verirlər".
Komitə sədri vurğulayıb ki, qadın və kişilərin bərabər iştirakçılığı, gender mədəniyyətinin təbliği, gender əsaslı zorakılığın, məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilən layihələr, tədbirlər bir daha göstərir ki, ölkədə gender bərabərliyinin təmin edilməsi ildən-ilə yüksəlir.
O, bu istiqamətdə qəbul edilən dövlət proqramlarını, qanunları yüksək dəyərləndirərək, bütövlükdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatını müsbət qiymətləndirib.
Sənədin müzakirəsində parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, komitə üzvləri Sədaqət Vəliyeva, Tamam Cəfərova, Ramin Məmmədov, Nigar Arpadarai, Sevil Mikayılova, Könül Nurullayeva, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin böyük məsləhətçisi Sevinc Məmmədova çıxış ediblər.
Onlar gender bərabərsizliyi, erkən nikah, qız uşaqlarının təhsildən yayınması, doğulan uşaqlar arasında cins balansının pozulması kimi halların qarşısının alınması ilə bağlı fikirlərini bölüşüblər, suallarını səsləndiriblər. Ölkəmizdə gender mədəniyyətinin yüksəldilməsi üçün gender sahəsində fəaliyyət göstərən qurumların, maarifləndirmə işlərinin səmərəliliyinin artırılması, qanunvericiliyin və xüsusən də onun icra mexanizminin təkmilləşdirilməsi ilə bağlı rəy və təkliflər irəli sürülüb.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, onları narahat edən istiqamətlər üzrə komitənin mövqeyini açıqlayıb. O, 2021-ci ildə Azərbaycanda gender bərabərliyinin təmin edilməsi mexanizmlərinin inkişafı istiqamətində atılan addımlar, komitənin bu istiqamətdə gördüyü işlər barədə deputatlara məlumat verib. S.Qəhrəmanova bildirib ki, qızların təhsildən yayınması, erkən nikahların qarşısının alınması, gender stereotiplərinin aradan qaldırılması kimi məsələlər daim diqqətdədir.
Müzakirələrin sonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatı baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.