İDMAN
“Araz-Naxçıvan”ın legioneri “Səbail”lə oyundakı səhvinə görə üzr istəyib
Bakı, 7 dekabr, AZƏRTAC
“Oyunun əhəmiyyətini başa düşürük. Ən yüksək səviyyədə hazırlaşırıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın futbolçusu Aksel Nqando Premyer Liqanın XVI turunda “Zirə”yə qarşı keçirəcəkləri matç barədə klubun rəsmi saytına açıqlamasında deyib.
Fransalı yarımmüdafiəçi görüşün asan keçməyəcəyini bildirib: “Rəqibimiz turnir cədvəlinin üst sıralarındadır. Rəqibin oyunlarını izləmişəm. Azərbaycana gələndən sonra ilk matçım məhz bu komandaya qarşı olub. Yaxşı kollektivdir, xüsusilə müdafiədə etibarlı oynayırlar. İndiyə qədər cəmi 8 qol buraxıblar. Bizim üçün vacib oyundur. Çünki son 4 matçda qələbə qazana bilməmişik. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
30 yaşlı oyunçunun sözlərinə görə, “Zirə” etibarlı müdafiə xətti ilə seçilsə də, qol vurmaq üçün şansları olacaq: “Hətta uduzduğumuz oyunlarda belə, fərqlənmək üçün şanslarımız olub. “Zirə” ilə görüşdə də bu imkanımız olacaq. Əsas məsələ həmin anda onu realizə etməkdir. İnanıram ki, bacaracağıq. Oyuna tam köklənməliyik”.
“Səbail”lə matçın son saniyələrində əldən verilən qələbə barədə də danışan A. Nqando buraxılan qolun komandasını təəccübləndirdiyini vurğulayıb: “Halbuki daha çox qol vura və meydandan 3 xalla ayrıla bilərdik. Rəqibdən daha yaxşı çıxış etmişdik. Futbolda bu cür hal ilk dəfə deyil, bundan əvvəl də olub, sonra da olacaq. Heç kim heç nədən sığortalanmayıb. Konsantrasiyamızı növbəti oyuna saxlamalıyıq. “Zirə”yə qarşı da son matçdakı kimi oynasaq, qələbə qazana bilərik”.
Futbolçu “Səbail”lə qarşılaşmada avtoqol müəllifi olan Numan Kurdiçin komanda yoldaşlarından üzr istədiyini bildirib: “Bilərəkdən edilən hərəkət deyildi. Böyük səhv olsa da, biz onu başa düşürük. Hər birimiz bu situasiya ilə qarşılaşa bilərik. Futbol səhvlərlə doludur”.
Qeyd edək ki, dekabrın 9-da keçiriləcək “Zirə” – “Araz-Naxçıvan” oyunu saat 17:00-da başlayacaq.