ARDNŞ ağacəkmə kampaniyasını davam etdirir
Bakı, 16 aprel (AZƏRTAC). Aprelin 16-da Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) rəhbərliyinin iştirakı ilə qurumun bütün idarə və müəssisələrində genişmiqyaslı ağacəkmə aksiyası keçirilmişdir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Azneft” İstehsalat Birliyinin (İB) tərkibində fəaliyyət göstərən neft və qazçıxarma idarələrinin, “Azəriqaz” İB-nin Bakı şəhərindəki, həmçinin regionlardakı qaz istismar və magistral qaz kəmərləri sahələrinin, qazpaylayıcı stansiyaların, Sosial İnkişaf İdarəsinin regional müalicə-diaqnostika mərkəzlərinin kollektivləri aksiyada fəal iştirak etmişlər.
ARDNŞ baş ofisinin, “Azneft” İB aparatının, Sərmayələr İdarəsinin, “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin kollektivləri Bibiheybətdə neftlə çirklənmədən təmizlənmiş mədən torpaqlarında, qaz emalı zavodunun kollektivi Salyan şosesində yerləşən ərazidə, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun kollektivi yaxınlıqdakı geniş sahədə, Xəzər Dəniz Neft Donanmasının kollektivi gəmi təmiri zavodunun ərazisində, “Neftqaztikinti” Trestinin kollektivi istehsalat sahələrində, Zığ şosesində, Hövsan yolu boyunca, “Azərneftyağ” neft emalı zavodunun kollektivi Nobel prospekti boyunca ərazilərdə, “Azərikimya” İB-nin kollektivi isə Sumqayıt-Quba magistralı boyunca böyük bir ərazini əhatə edən “sənaye zonası”nda ağaclar əkmiş, əvvəllər salınmış yaşıllıqlara qulluq etmiş, abadlıq işləri aparmışlar.
Ümumilikdə 26 minə yaxın neftçinin iştirak etdiyi iməcilikdə 12 mindən artıq ağac və gül kolu əkilmiş, böyük abadlıq işləri aparılmışdır.