ARDNŞ-də ətraf mühitin mühafizəsi prioritet vəfizələrdəndir
Tədbirdə şirkətin ekoloji məsələlər üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirmişdir ki, 2010-cu ilin “Ekologiya ili” elan olunması ilə əlaqədar ARDNŞ-in idarə və müəssisələrində ekologiya sahəsində görülən işlərin miqyası genişlənmiş, dinamikası yüksəlmişdir. Şirkətdə qarşıdakı dövrdə də ətraf mühitin mühafizəsi prioritet vəzifələrdən biri olacaqdır.
Sonra İB, idarə və müəssisə rəhbərlərinin ötən il yerinə yetirilmiş ekoloji layihələrin əsas istiqamətləri barədə hesabatları dinlənilmişdir. Qeyd olunmuşdur ki, “sıfır tullantı” prinsipinə uyğun olaraq reallaşdırılan bütün ekoloji layihələr uğurla başa çatdırılmışdır. Neftlə çirklənmədən təmizlənmiş ərazilərdə ağaclar əkilmiş, yaşıllıqlar salınmışdır. ARDNŞ-in ekoloji layihələrin idarə edilməsi şöbəsinin rəisi Ramiz Əliyev bildirmişdir ki, şirkət bu dəfə də ənənəsinə sadiq qalaraq müəssisələr arasında ətraf mühitin mühafizəsi sahəsində həyata keçiriləcək layihələrlə bağlı müsabiqə keçirmişdir. Müsabiqəyə şirkətin 12 idarə və müəssisəsi qoşulmuşdur. Müsabiqə komissiyası 4 qurumu - “Azneft” İB-ni, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunu, Xəzər Dəniz Neft Donanmasını və Heydər Əliyev adına Bakı neft emalı zavodunu mükafatlandırmışdır.
Daha sonra aprelin 2-də həyata keçiriləcək ağacəkmə aksiyası ilə bağlı müzakirələr olmuşdur.