ARDNŞ genişmiqyaslı ağacəkmə kampaniyası keçirmişdir
Bakı, 31 mart (AZƏRTAC). Martın 31-də ARDNŞ rəhbərliyinin iştirakı ilə şirkətin bütün idarə və müəssisələrində genişmiqyaslı ağacəkmə kampaniyası keçirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Azneft” İstehsalat Birliyinin tərkibində fəaliyyət göstərən neft və qazçıxarma idarələrinin, “Azəriqaz” İstehsalat Birliyinin Bakı şəhərindəki, həmçinin regionlardakı qaz istismar və magistral qaz kəmərləri sahələrinin, qazpaylayıcı stansiyaların, Heydər Əliyev adına Bakı neft emalı zavodunun, “Azərneftyağ” neft emalı zavodunun, Neft Kəmərləri İdarəsinin kollektivləri kampaniyada fəal iştirak etmiş, ağaclar əkilmiş, əvvəllər salınmış yaşıllıqlara qulluq olunmuş, abadlıq işləri aparılmışdır.
Kampaniya zamanı Geofizika və Geologiya, İnformasiya Texnologiyaları və Rabitə, Sosial İnkişaf, Ekologiya idarələri, “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Kompleks Qazma İşləri Tresti, Heydər Əliyev adına Bakı dərin özüllər zavodu, qaz emalı zavodu, Təlim, Tədris Mərkəzi və şirkətin digər istehsalat kollektivləri də öz ərazilərində ekoloji tədbirlər həyata keçirmişlər.
Şirkətin prezidenti Rövnəq Abdullayev müxtəlif idarə və müəssisələrin çalışdığı sahələrdə olmuş, ekoloji vəziyyətlə maraqlanmış, ağac əkmişdir.
R.Abdullayev jurnalistlərə müsahibəsində bildirmişdir ki, şirkətin 20 minə yaxın işçisinin iştirak etdiyi bu iməcilikdə, ümumilikdə, iyirmi mindən artıq ağac və gül kolu əkilmiş, böyük abadlıq işləri aparılmışdır. Əkilmiş ağaclar arasında ərazinin təbii xüsusiyyətlərinə uyğun olan bitkilərə - küknar, şam, sərv, şümşad, evkalipd, zeytun, Eldar şamı, meyvə ağaclarına, eləcə də qızılgül və dekorativ gül kollarına üstünlük verilmişdir. Ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində beynəlxalq standartlar və qüvvədə olan normalara cavab verən təxirəsalınmaz işlərdən, kompleks həyata keçirilən tədbirlərdən razı qaldığını deyən ARDNŞ-in prezidenti, neft-qaz hasilatı və emalı prosesində ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində qarşıya çıxan problemlərin həlli məqsədilə görülən mühüm işlərin davamlı olacağını bildirmişdir.
ARDNŞ rəhbərliyi, həmçinin Heydər Əliyev adına Bakı dərin özüllər və qaz emalı zavodları kollektivlərinin Qaradağ rayonu ərazisindən keçən Salyan şosesinin kənarında keçirdikləri yaşıllaşdırma və abadlaşdırma işləri ilə də tanış olmuşdur.
Daha sonra R.Abdullayev tikintisi davam etdirilən gəmiqayırma zavodunun ərazisinə baş çəkərək, burada görülmüş işlərlə tanış olmuşdur. Müvafiq qurumların rəhbərləri mühüm regional əhəmiyyət daşıyacaq bu zavodun tikinti meydançasında aparılan işlər haqqında R.Abdullayevə ətraflı məlumat vermişlər. Qeyd olunmuşdur ki, zavodun inşaat işləri cədvələ uyğun şəkildə sürətlə davam etdirilir və tikintinin nəzərdə tutulduğu vaxtda başa çatdırılacağı gözlənilir.
ARDNŞ-in prezidenti istər Azərbaycanda, istərsə də bütövlükdə Xəzər dənizi hövzəsində mühüm iqtisadi əhəmiyyət kəsb edəcək zavodun vaxtında istismara buraxılması üçün konkret tapşırıqlar vermişdir.