SİYASƏT
Argentina Deputatlar Palatasında Azərbaycanla dostluq qrupunun yeni tərkibi formalaşacaq
Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycan-Argentina ikitərəfli münasibətləri, parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycanın Argentinadakı müvəqqəti işlər vəkili Rəşad Aslanovun bu ölkənin parlamentinin Deputatlar Palatasının ikinci vitse-prezidenti xanım Patrisia Ximenezlə görüşündə ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin inkişaf etdirilməsinin önəmi vurğulanıb. Bu baxımdan Argentina və Azərbaycan parlamentariləri arasında əlaqələrin yaradılmasının, qarşılıqlı səfərlərin təşkilinin vacibliyi qeyd edilib. Azərbaycanda keçirilmiş parlament seçkilərindən sonra parlamentdə Argentina ilə əməkdaşlıq üzrə işçi qrupunun yenidən formalaşdırıldığını bildirən R.Aslanov Argentina Deputatlar Palatasında da Azərbaycanla dostluq qrupunun yenidən qurulmasının zəruriliyini diqqətə çatdırıb.
P.Ximenez yaxın zamanda Deputatlar Palatasında bir sıra ölkələrlə, habelə Azərbaycanla dostluq qrupunun yeni tərkibinin formalaşacağını, müxtəlif deputatların Azərbaycanla dostluq qrupuna cəlb olunmasına səy göstərəcəyini, özünün də bu qrupa qoşulmaq istəyində olduğunu bildirib. O, Azərbaycan haqqında müsbət təəssüratlara malik olduğunu, şəxsən özünün qısa müddətdə Azərbaycanı görmək istədiyini vurğulayıb.
Görüş zamanı R.Aslanov Ermənistan-Azərbaycan münaqişəsi və onun həlli istiqamətində Azərbaycan tərəfindən atılmış addımlar barədə də məlumat verib.