Argentinada çıxan “Clarin” qəzetində “Bakı İpək Yolunun qapısıdır” sərlövhəli məqalə dərc edilmişdir
Vaşinqton, 11 dekabr (AZƏRTAC). Argentinada çıxan nüfuzlu “Clarin” qəzetində “Bakı İpək yolunun qapısıdır” sərlövhəli məqalə dərc edilmişdir. Məqalə müəllifləri əvvəlcə Xəzər dənizinin sahillərində yerləşən Bakının qədim mədəniyyətindən söhbət açırlar. Məqalədə deyilir ki, 2012-ci ildə keçirilmiş “Eurovision” mahnı müsabiqəsi dövründə televiziya tamaşaçılarının çoxu Azərbaycanın paytaxtını, onun lüks otellərini və memarlığını özləri üçün ilk dəfə kəşf etdilər. Orta əsrlərdə Pekini Konstantinopol (İstanbul) ilə birləşdirən Böyük İpək Yolu karvanları bu ölkədən keçirdi.
Müəlliflər daha sonra Qafqaz sıra dağlarından Cənuba doğru yerləşən Azərbaycanın coğrafi mövqeyi barədə məlumat verirlər. Məqalədə deyilir ki, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan 1991-ci ildə Sovet İttifaqından ayrılaraq dövlət müstəqilliyi əldə etmişdir. Dünyəvi dövlət olan bu ölkədə hələ 1918-ci ildə din dövlətdən ayrılmışdır. Azərbaycanda bütün dinlərə tolerant münasibət mövcuddur.
Müəlliflər hələ də davam edən Dağlıq Qarabağ münaqişəsi mövzusuna da toxunurlar.
Bu gün Azərbaycan çoxsaylı əcnəbilər üçün cəlbedici turizm diyarına çevrilir. Bakı şəhəri vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olmuşdur. Azərbaycanda Naftalan adlı bir şəhər var. Ən qədim dövrlərdən bu diyara üz tutan səyyahlar Naftalanda müalicəvi əhəmiyyətə malik olan neft vannası qəbul edirdilər.
Müəlliflər zərdüştiliyin Azərbaycanda yaranmasını da xatırladırlar. Məqalədə qeyd edilir ki, XVIII əsrdə Bakının yaxınlığında atəşpərəstlərin məbədi - Atəşgah tikilmişdir. Zəvvarlar bu gün də həmin məbədlə maraqlanırlar.
Məqalənin sonunda müəlliflər XIX əsrdə Bakıda neft sənayesinin inkişaf etməsi, sonralar şəhərin infrastrukturunda və simasında baş vermiş müsbət dəyişikliklər barədə söhbət açırlar.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton