ARGENTİNALILAR DİKTATOR XUAN PERONUN DƏFNİNDƏ DAVA SALMIŞLAR
AZƏRTAC Assoşieyted Press agentliyinə istinadla xəbər verir ki, 1974-cü ildə vəfat etmiş Peron ikinci dəfə onun ailəsinə məxsus malikanənin ərazisində dəfn edilmişdir. Keçmiş diktator üçün dövlət hesabına 1 milyon dollar dəyərində xüsusi məqbərə tikilmişdir. Matəm mərasiminin ümumdövlət əhəmiyyəti kəsb edəcəyi və mərasimdə Argentina Prezidenti Nestor Kirşnerin, digər vəzifəli şəxslərin iştirak edəcəyi gözlənilirdi. Matəm karvanının keçdiyi yol boyu minlərlə argentinalı düzülmüşdü. Lakin Peronun pərəstişkarlarından ibarət qruplar onun tabutuna daha yaxın dayanmaq üstündə mübahisə etmişlər. Nəticədə kütləvi iğtişaşlar zamanı 40 nəfər yaralanmışdır. Bu səbəbdən ölkə Prezidenti və digər rəsmi şəxslər mərasimdə iştirakdan imtina etmişlər.
1946-1955 və 1973-1974-cü illərdə Argentina Prezidenti olmuş Xuan Peron Buenos-Ayresdəki “Lə Çakarita” məzarlığında dəfn olunmuşdu. Lakin Peronun qızı olduğunu iddia edən Marta Xolqadonun tələbi ilə keçmiş prezidentin cənazəsinin qalıqları ekshümasiya edilmişdir. Qadın DNT analizinin Perronun onun atası olduğunu təsdiq edəcəyinə ümid bəsləyir. Rəsmən Peronun üç arvadının heç birindən övladı olmamışdır.
Xuan Peron amansız idarəetmə metoduna baxmayaraq, Argentinanın ən tanınmış siyasətçilərdən biri sayılır. Prezident və onun ikinci arvadı – Evita Peron kinofilmlərin və müzikllərin qəhrəmanlarına çevrilmiş və indiyədək argentinalılar arasında çox populyardırlar.